Şəkidə meşələri kim qırır? - Nazirlikdən etiraz aksiyası ilə bağlı AÇIQLAMA / VİDEO

 14:34 25.11.2019     3866

Xəbər verdiyimiz kimi, ötən gün Şəkinin Bideyiz kənd sakinləri meşə və örüş sahəsinin məhv edilməsi ilə bağlı etiraz aksiyası keçiriblər.

Redaktor.az xəbər verir ki, kənd sakinləri analoji halın Baqqal və Cunut kəndlərində də yaşandığını iddia ediblər. Onların sözlərinə görə, sakinlərin əsas məşğuliyyəti mal-qara saxlamaqdır. Örüş yerlərinin zəbt olunması ciddi narahatlıq doğuracaq.

“Hansısa şirkət Bideyiz və Köbər Zəyzid kəndinin ərazisindəki 1000 hektar sahədə fındıq bağları salmaq istəyir. Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəy alıblar ki, guya bu torpaqlar daşlıqdan və kol-kosdan ibarətdir. Əslində isə belə deyil, burada min illərdir mövcud olan meşə sahəsi yerləşir. Həmçinin, burada Bideyiz kəndinin 147 hektar örüş sahəsi yerləşir”- deyə Bideyiz kənd icmasının rəhbəri bildirib. 

Yerli sakinlərdən biri isə qeyd edib ki, hazırda ən az iki yerdə, Bideyiz və Köbər Zəyzit kəndləri yaxınlığında və Cunud və Baş Layısqı kəndləri yaxınlığında buldozerlər tam gücü ilə meşələri sıyırır, işləri mümkün qədər tələsik bitirməyə çalışırlar: 

"İşləri müvəqqəti dayandırmaq, ictimai müzakirələrə və hüquqi prosedurlara vaxt ayırmaq imkanı vermək əvəzinə çağırışlarımıza cavab olaraq işləri daha da sürətləndiriblər".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, uzun müddət meşəbərpa sahəsində təcrübəsi olan meşəçi-mühəndis Rəhim İbrahimov isə sakinlərin narazılığının əsassız olduğunu deyib:

“İllərdir ki, həmin ərazilər istifadəsiz qalıb. Kimsə özünü təbiətə can yandıran kimi göstərmək istəyir. Bunu edənlərin əsl məqsədini deyə bilmərəm, amma onu bilirəm ki, əbəs yerə, heç bir əsas olmadan əhalini çaşdırmasınlar. Məqsəd meşə ilə örtülü sahələri artırmaq, mövcud potensialdan insanlara səmərə verə biləcək tərzdə yararlanmaqdır.

Aqrobağlar həmin ərazinin kol-kosdan təmizlənərək damcılı suvarma sistemi ilə təhciz edilməsi, dünya standartlarına cavab verən müasir və əhəmiyyətli meşə örtüyü, yaşıllıq sahələri deməkdir.

Qeyd edim ki, Şəki və Qaxda heç bir ağac kəsimi faktı olmayıb. Ərazi kol-kosdan təmizlənir və bəzi yerlərdə illərlə quruyub qalmış tək-tək ağaclar və kötüklər ərazidən çıxarılır. Nazirlik icarəyə verilən yerlərdə nə əkinçiliklə, nə də satışla məşğul olur. Sadəcə, Nazirliyin tabeliyində olan ağac olmayan sahələr meşə örtüyünün artırılması məqsədilə icarəyə verilir”.

Oral Mədənçi / Redaktor.az