Bakıda 20 manat paylayan aparatla bağlı ŞOK MƏLUMAT - Əməliyyat keçirilib

 13:31 25.11.2019     2080

Bakıda "borc aparatı” kimi təqdim edilən "Azpulmat” özünəxidmət terminalları ilə bağlı müəmma davam edir.

Redaktor.az xəbər verir ki, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirildiyi, sözügedən terminalların bağlandığı deyilir.

Məsələyə aydınlıq gətirmək üçün "Azpulmat”ın məxsus olduğu "Azpul" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə əlaqə saxladıq. Özünü şirkətin rəsmisi kimi təqdim edən Ramin adlı şəxs bildirib ki, bu məlumat həqiqətə uyğun deyil:

“Hazırda texniki işlər gedir, terminalların fəaliyyəti təkmilləşdirilir. Bu işlər yekunlaşdıqdan sonra açıqlama verəcəyik”.

Şirkətin rəsmisi əlavə edib ki, "Azpul" MMC lombard fəaliyyəti kimi nəzərdə tutulub:

“Biz lombard kimi fəaliyyət göstəririk, qısa müddətli borc veririk. Dünyanın bir çox ölkələrində bu terminallardan istifadə edilir. Biz də terminalları yeni texnologiyaların tətbiqi baxımından Azərbaycana gətirmişik”.

Qeyd edək ki, insanlar şəhərin bir neçə ərazisində quraşdırılan terminallara şəxsiyyət vəsiqəsini, barmaq izini daxil edərək 20 manat məbləğində borc pul alırdılar. Həmin borc 5 gün ərzində 21 manat şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 manat AZN götürmək mümkün idi.

"Azpul" MMC-nin rəhbəri Tural Vəliyev adlı şəxsdir.

Oral Mədənçi / Redaktor.az