Uşaqpulunun bərpasıyla bağlı XƏBƏR - İqtisadçı maliyyə qaynaqlarını AÇIQLADI

 11:52 26.11.2019     5612

2006-cı il 1 iyun tarixindən Azərbaycanda uşaqlar üçün müavinət verilmir.

Lakin son vaxtlar uşaqlar üçün verilən müavinətin bərpası məsələsi mütəmadi olaraq gündəmə gəlir. Uşaqpulunun bərpa edilməsi ilə bağlı son dövrlər müzakirələr aparılır. Bu vəsaitin yenidən vətəndaşlara verilməsi üçün fərqli təkliflər irəli sürülür.

Bəs uşaq pullarını hansı mənbələrdən ödəmək olar?

Redaktor.az bildirir ki, iqtisadçı ekspert Qubad İbadoğlu uşaq pullarının verilməsi üçün gələn ilin büdcəsindən 2 maliyyə qaynağını təqdim edib.

Q. İbadoğlu hesab edir ki, büdcədən bu qaynaqlardan istifadə etməklə uşaq puluna vəsait ayırmaq mümkündür:

“Əmək və əhalinin sosial müdafiəsi naziri çıxışında uşaq pulunu vermək üçün 3,3 milyard manat tələb olunduğunu qeyd edibvə bu qədər vəsaitin gələn ilin büdcəsindən ayrılmasının mümkünsüz olduğunu bildirmişdi. Amma uşaq pulunun ödənilməsi üçün 2020-ci il büdcəsinin daxilində 2 maliyyə qaynağı var. Eyni zamanda ki, növbəti ilin büdcəsində əks olunan hər iki qaynaq potensial korrupsiya mənbəyidir, şəffaflıq və hesabatlılığa kölgə salır.

Birincisi, növbəti ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə “Malların (işlərin və xidmətlərin) satınalması” bölməsi 28,2 faizlik xüsusi çəki ilə 7,6 mlrd. manat məbləğində nəzərdə tutub. “Büdcə zərfi”nə daxil edilmiş məlumatlar əsasında aparılmış təhlil həmin vəsaitin 45,6 faizinin “Sair xərclər” və “İstehlak yönümlü xərclər” üzrə proqnozlaşdırıldığını göstərir. Bu, o deməkdir ki, 3,5 milyard manatlıq vəsait “Sair xərclər” və “İstehlak yönümlü xərclər” adı ilə qapalı saxlanılır, yəni bu xərc maddəsi üzrə 3,5 milyard manat hələ bölüşdürülməyib.

İkincisi, Hesablama Palatasının hesablamalarına görə, 2020-ci ilin dövlət büdcəsinin layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 4602,1 mln. manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin icra göstəricisindən 1534,5 mln. manat və ya 50 faiz çoxdur. 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 17,1% təşkil edir. Birdəfəlik təyinatlı xərclər üzərində son təyinatı icra hakimiyyəti müəyyənləşdirir. Bu xərc maddəsi də bölüşdürülməyib.

Odur ki, uşaq pullarının ödənilməsi üçün 2020-ci ilin büdcəsini rasionallaşdırıb, vəsait ayıra bilərlər. Hələ də gec deyil. Bunlar hamısı deyil, başqa maliyyə mənbələri də təqdim edə bilərəm”.

Firuzə Vahid / REDAKTOR.AZ