“MilliÖn” terminalları LƏĞV OLUNA BİLƏR? - Rəsmi CAVAB
Bəzən qəpik qəbul etmir, bəzən də kağız pul. İstədiyi vaxt pulu alıb, karta yükləmir, istədiyi vaxt da özünə “istirahət” verir.
Təxmin etdiyiniz kimi, söhbət dayanacaqların əksəriyyətində qarşılaşdığımız qırmızı rəngli ödəmə terminalından - “MilliÖn”dən gedir. Paytaxtdakı ictimai nəqliyyatların nağdsız ödənişə keçməsiylə birlikdə həyətımıza daxil olan bu terminallar hələ də özünü tam doğrulda bilmir. Onunla bağlı şikayətlər gəlməkdə davam edir. Məsələni maraqlı edən şirkətin reaksiyalara səssiz qalması, mediaya açıqlama verməkdən qaçmasıdır...
Onların əksinə, bu gün Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində olan “BakıKart” ödəmə terminallarıyla bağlı sərnişinlər tərəfindən heç bir şikayət daxil olmur. Bu terminallar tam olaraq xidmət göstərə bilir. Belədirsə, problemi aradan qaldırmaq üçün dayanacaqlardakı “MilliÖn” terminallarını “BakıKart”la əvəz etmək mümkündürmü?
Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev Redaktor.az-a açıqlamasında bildirib ki, sözügedən terminallarının sayının azaldılması məsələsi gündəmdə yoxdur:
“Əksinə, problemi aradan qaldırmaq üçün ödəmə alətlərini çoxaltmaq daha yaxşıdır. Məsələn, onlayn ödəmə. Bununla bağlı da hazırda işlər gedir. Yeniliyin hansı tarixdən tətbiq olunacağı hələ ki məlum deyil. Dəqiqləşdirilən kimi mediaya ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli “BakıKart” ödəmə kartının balansının onlayn artırılması prosesinin 2019-cu ilin sonuna qədər yükunlaşacağı barədə mediaya açıqlama vermişdi.
Xəyalə Məmmədova / REDAKTOR.AZ












