Şagirdlərə ev tapşırığı VERİLMƏYƏCƏK? - Təklif yenidən gündəmdə

 12:29 27.11.2019     1367

“Dünyanın inkişaf etmiş ölkələrində ibtidai sinif şagirdlərinə ev tapşırığı verilmir”.

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, ev tapşırıqları şagirdləri çox yükləyir:

“Bu təklifi illərdir səsləndiririk. Bu, rasional təklifdirsə, müzakirə etməliyik. Elmira xanımla razıyam. Bizim şagirdlər çox yüklənir. Dünya praktikasında belə deyil. Şagirdlər çox yorulur. Bizim təhsil sistemimiz fərqli olduğuna görə, qəribə görsənə bilər. Təhsil sistemi inkişaf etmiş ölkələrdə (Yaponiya, Almaniya və s.) uşaqlara zəruri biliklər dərs vaxtı verilir. Fərz edək ki, dərs vaxtı 08:30-da başlayır, 15:00-da bitir. O müddətə qədər müəllimlər hansı fənni tədris edirlərsə, proqramı yerinə yetirməyə çalışırlar.

Bizdə digər problem uşaqların 1-ci sinifdən repetitor yanına qoyulmasıdır. Uşaqlar bu zaman ikiqat yüklənir. Müəllimlər də bu prosesdən sui-istifadə edirlər. Yəni, dərs vaxtı təhsilə etinadsız yanaşırlar ki, əlavə gəlir əldə etmək üçün uşaqları dərsdən sonra hazırlıqlara dəvət edə bilsinlər. İbtidai təsil pilləsində uşaqları bu qədər yükləmək olmaz. Məktəbin dərs yükü ilə yanaşı uşaqlar repetitorların yanına gedirlər. Bu, ikiqat yükləmə yaradır. Ev tapşırıqları də uşaqları yük altında saxlayır. Bu baxımdan, Elmira xanımın təklifini dəstəkləyirəm”.

Qeyd edək ki, millət vəkili Elmira Axundova Milli Məclisin ötən gün keçirilən plenar iclasında I və II sinifdə ev tapşırıqlarının ya ləğv olunması, ya da cüzi olmasını təklif edib. Bildirib ki, 6 yaşlı uşaqlar dərsdən sonra axşam saat 8-9-a kimi ancaq ev tapşırıqları ilə məşğul olurlar və bu da şagirdlərin həddən artıq yüklənməsidir.

Xəyalə Məmmədova / REDAKTOR.AZ