Azərbaycanda iqtisadi fəal əhalinin yalnız 33 faizinin kvalifikasiyası var

 13:53 27.11.2019     576

"Böyük nəticələr əldə etməyimizə baxmayaraq, hələ ki, hər bir Azərbaycan vətəndaşı üçün layiqli iş yeri yarada bilməmişik. Ancaq vacib məsələ odur ki, hökumət mövcud problemləri həll edir, bununla bağlı strategiyası var".

Redaktor.az-ın məlumatına görə, bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı Beynəlxalq Əmək Təşkilatı (BƏT) layihəsinin nəticələrinə həsr olunmuş konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda demoqrafik vəziyyət müsbətdir:

"Ölkədə doğulanların sayı ölənlərin sayından demək olar ki, 3 dəfə artıqdır. Sözsüz ki, bu, bizi sevindirir. Ancaq bu məsələ həm də hökumət qarşısında böyük çağırışlar qoyur. Doğulan, əmək qabiliyyəti yaşına çatan insanların layiqli işlə təmin edilməsi vacib çağırışlardan biridir. Son illərdə Azərbaycanda hər il 140-150, bəzən isə 160 minə qədər uşaq doğulur. Onların 96-97 faizi əmək qabiliyyətli yaşa çatır. 15 yaşdan sonra onlar ya təhsillərini davam etdirirlər, ya da əmək bazarına daxil olurlar".

E.Süleymanov bildirib ki, bu insanların hər biri üçün layiqli iş yeri yarada bilmək üçün iqtisadiyyat güclü olmalıdır:

"Eyni zamanda pensiya yaşının qaldırılması ilə bağlı qərarların verilməsi də bizi bəzi çağırışlarla üzləşdirib. Hər il pensiya yaşı çatdığı üçün əmək bazarını tərk edən yaşlı vətəndaşların sayı təqribən 20 min nəfər azalır. Digər tərəfdən də yaşlı vətəndaşlarımızın əmək bazarından çıxma sürəti azalıb. Vacib problemlərdən biri odur ki, gənclərimizin təhsilə həvəsi artsa da, hələ də kifayət qədər gəncimiz orta məktəbi bitirdikdən təhsilini davam etdirmir. Hazırda iqtisadi fəal əhalinin yalnız 33 faizinin kvalifikasiyası var. Bu insanlar orta məktəbi bitirdikdən sonra ya peşə məktəbinə, ya da ali məktəbə daxil olublar. Kvalifikasiyasız işçi qüvvəsi heç kimə lazım deyil. Bəzi insanlar kvalifikasiyası olmadığına görə əmək bazarına daxil ola bilmirlər".//Apa.az