Bakıda tıxac problemi HƏLL OLUNA BİLƏR - Təklif

 15:14 27.11.2019     1288

Böyük şəhərlərdə avtomobil sıxlığının qarşını almaq məqsədilə sərnişinlərin daşınmasında ictimai nəqliyyatın müxtəlif növlərindən (dəmir yol, su, avtomobil, boru-kəmər nəqliyyatı) istifadə olunur.

Metrobus adlanan nəqliyyat vasitəsi də onlardan biridir. Dünyanın əksər ölkələrində, həmçinin qonşu Türkiydə tətbiq olunan bu vasitə İstanbul kimi böyük şəhərin sərnişin yükünü azaltmağa kömək edir. Xüsusi ayrılmış avtomobil zolağıyla hərəkət etməsi isə sərnişinlərin tıxaca düşməsinin qarşısını alır.

Maraqlıdır, ölkəmizdə də bu nəqliyyat vasitəsinin istifadəsi üçün şərait varmı?

Məsələylə bağlı Redaktor.az-a açıqlama verən yol nəqliyyatı eksperti Elməddin Muradlı bildirib ki, metrobus sistemi də Bakı şəhərində yaradıla bilər

“Əslində, metro xəttinin yerin altından keçməsiylə bağlı qayda yoxdur. Nədənsə Bakı Metropoliteni QSC belə bir şərt götürüb və bütün stansiyaları yeraltı tikir. Türkiyədə metronun yerin üstündən keçən stansiyaları var. Üstəlik, bununla yanaşı şəhərlərdə metrobus fəaliyyət göstərir. Onlar adi avtobuslar kimi fəaliyyətdədir. Lakin onlar üçün xüsusi  zolaq var. Həmin zolağa başqa bir nəqliyyat vasitəsi girib-çıxa bilmirlər. Bu, açığı Azərbaycanda olmayan bir yenilikdir. Düşünürəm ki, metrobusdan əvvəl tramvay, troleybus xətlərinin bərpa edilməsi daha əlverişli olar.

Zərurət yaranarsa, metrobus sistemi də Bakı şəhərində yaradıla bilər. Bakıyla yanaşı paytaxtətrafı ərazilərə də metrobus vasitəsilə hərəkəti təşkil etmək olar. Düşünürəm ki, bununla ucuz qiymətə daha keyfiyyətli və kamfortlu ictimai nəqliyyat növü təqdim eləyə bilərik ki, bu da ətraf kəndlərdən, Abşeron və Sumqayıtdan Bakıya gələnlərin işini asanlaşdırar. Beləliklə ictimai nəqliyyata inam artmış olar. İnam olandan sonra yollarda tıxac, sıxlıq da avtomatik azala bilər”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ