"At-araba nəqliyyatına qayıdaq?" - DGK-nın təklifinə ekspertdən SƏRT İRAD

 10:59 28.11.2019     1367

“Ölkəyə avtomobil idxalı ilə bağlı şərtlər bir qədər də sərtləşəcək”.

Bu sözləri Redaktor.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ötən gün mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibəti zamanı bildirib.

Onun sözlərinə görə, burada elektromobilər və hibridlər üçün də hər hansı güzəşt, xüsusi təşviqdən söhbət getmir:

“2018-ci ilin yekununa əsasən, ölkəmizdə 1 milyon 170 min 672 ədəd minik avtomobili olub. Onların təxminən 76,6 %-inin (896307 ədəd) yaşı 10 ildən yuxarıdır. Ən acınacaqlısı isə odur ki, bu avtomobillərin təxminən 42,2 %-i (482112 ədəd) Sovet dövrünün marka və modelləridir (Zaporojets, Oka, VAZ-ın köhnə modelləri, QAZ, UAZ və s.). Hələ bura Avropa Asiya, ABŞ , istehsalı olsa da, 1980-90-cı illərin avtomobillərini də əlavə etsək, lap qorxunc olar.

Məncə, yol hərəkəti təhlükəsizliyi baxımından bunu şərh etməyə ehtiyac yoxdur, çünki vəziyyət təxminən belədir: “Metallom” üzərində şütüyürük.

Yaxşı tutaq ki, bunu ekoloji, yol hərəkəti və digər təhlükəsizlik məqsədi ilə edirsiniz. Amma cəmiyyətin mobilliyi də təmin olunmalıdır axı, insanlar indiki dinamik zamanda nəqliyyat ehtiyaclarını ödəməlidirlər. Kimsə deyə bilər ki, buyursunlar, avtobusla hərəkət etsinlər. Onda gəlin avtobus parkımıza baxaq. Yenə də rəqəmlər:

2018-ci ilin yekununa əsasən, ölkəmizə 30 min 704 ədəd avtobus olub (şəhərlərarası, şəhərdaxili marşrutlarda, ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsində). Onların təxminən 80,2 %-inin (24620 ədəd) yaşı 10 ildən yuxarıdır. Deməli, avtobus parkı lap dəhşət vəziyyətdədir. Xatırlatmaq istəyirəm ki, yol hərəkəti təhlükəsizliyinə ciddi qayğı göstərən ölkələr yaşı 10-dan artıq olan avtobusu sərnişindaşımaya buraxmır. Ən maraqlısı odur ki, ötən il sıxılmış qazla işləyənlər istisna olmaqla, avtobuslara da aksiz vergisi tətbiq olundu, dizel və benzin mühərrikli avtobuslar üçün idxal gömrük ödənişləri xeyli artdı.

Maraqlı bir sual çıxır: Cənablar, biz mobilliyimizi necə təmin edək? At-araba nəqliyyatına qayıdaq?

Hesab edirəm ki, belə yanaşma “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda ortaya qoyulmuş siyasətə aşkar şəkildə ziddir. Çünki Proqramda da əhalinin mobilliyinin təmin olunması, ekoloji cəhətdən təmiz (hibrid, elektromobil və s.) nəqliyyat vasitələrini idxalının və istifadəsinin stimullaşdırılması nəzərdə tutulur. Ona görə də düşünürəm ki, hazırda qüvvədə olan vergi və rüsumlara, idxal şərtlərinə yenidən baxılmalıdır. Xüsusən avtobusların, hibrid və elektromobillərin idxalı xeyli asanlaşdırılmalıdır. Digər daxili yanma mühərrikli avtomobillərin idaxalı da rasional şəkildə asanlaşdırılmalıdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ötən gün keçirilən mətbuat konfransında həm ekoloji tarazlıq, həm də insanların sağlamlığıni düşünərək, yaşı 7 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət qoyulmasıyla bağlı hökumətə təklif verdiklərini bildirib.

Xəyalə Məmmədova / REDAKTOR.AZ