Xırdalan və Masazır sakinlərinin QARA GÜNÜ - 9 saat işıqsız qaldılar

 14:59 28.11.2019     756

Qış gəlmədən elektrik enerjisiylə bağlı problemlər artıq baş qaldırmağa başlayıb.

Belə ki, ötən gün Masazır və Xırdalan sakinləri günün yarısını qaranlıqda keçirməyə məcbur qalıblar. “Azərişıq” ASC yüzlərlə ailəni 9 saatdan çox işıqsız qoyub.

Baş vermiş problemlə bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Redaktor.az-a açıqlamasında bildirib ki, bəzi küçələrdə (H. Arif, Ə. Vahid və H. Həşimov) elektrik xəttində texniki qəza vardı. Həmin problem axşam saatlarında aradan qaldırıldı, sakinlər elektrik enerjisiylə təmin olundu:

"Xırdalan şəhəri, Məhəmmədi və Masazır qəsəbələrində yay aylarından başlayaraq böyük yenidənqurma işləri görülür, şəbəkələr yenilənir. Hava şəraiti imkan verən kimi işlər gedir. Həmin ərazilərdəki problem tamamilə aradan qaldırılacaq. Məhəmmədi qəsəbəsində işlər ayın axırına kimi yekunlaşacaq.

Xırdalan şəhərində “27-ci məhəllə”, “Quşçuluq massivi” ərazilərində əlaqələndirmə xətləri tam yenilənir. Buradakı işlər təxminən 1 həftəyə yekunlaşacaq. Masazırda isə hazırda iş kiçik şəbəkələrdə davam edir. Orada iş gedən zaman başqa şəbəkədən elektrik enerjisinin verilməsi davam edəcək. Yəni, fasilələr yaranmayacaq. Olsa da, qısamüddətli olacaq. Bu barədə sakinlərə öncədən məlumat veriləcək. Ümumiyyətlə, həmin ərazilərdə elektrik enerjisinin uzunmüddətli fasiləsi yaşanmayacaq”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ