Azərbaycanlılar üçün 3-4 manatlıq BÖYÜK TƏHLÜKƏ! - Bir tədbir görülməsə...

 12:44 29.11.2019     1793

Kərə yağı ölkəmizdə ən çox istifadə olunan məhsullardandır.

Redaktor.az xəbər verir ki, hazırda bazarda 50-dən çox çeşiddə kərə yağı satılır. Onlardan hansının təmiz kərə yağı olmasını müəyyən etmək isə olduqca çətindir.

Mağazaların vitrinlərində kilosu 3-4 manata olan kərə yağı nədən hazırlanır, onların keyfiyyətinə kim nəzarət edir?

Mütəxəssilər hesab edir ki, kərə yağında təmiz yağın həcmi digərlərindən çox olur. Əgər hansısa kərə yağının üzərində yağ, su və quru süddən başqa maddə qeyd edilibsə, deməli, o, təmiz kərə yağı deyil.

Kərə yağının keyfiyyətini çox sadə üsulla yoxlamaq mümkündür. Məsələn, onun bir hissəsini qaynar suya salın. Əgər, yağın həll olması bütöv şəkildə gedirsə, kərə yağıdır, yox əgər parçalanma gedirsə onda içərisində qarışıq maddələr mövcuddur. Kərə yağı soyuducuya qoyduqdan sonra çıxarılanda üzərində su damcıları olmamalıdır. Bu damcılar qatqı maddələrinin olmasına işarədir.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, Azərbaycanın yağ bazarında vəziyyət olduqca pisdir. Yağların markalanması zamanı istehlakçıların məlumatlılıq baxımdan aldadılmasına yol verilir:

İstehlakçılara tövsiyəm budur ki, kərə yağı istəyəndə məhsulu əlində sıxsın və ya əritsin. Əgər parçalanmırsa, o halda təmizliyinə inanmaq olar. Həmçinin, qoxusu və dadından da müəyyən etmək olur ki, bu yağın tərkibi nədən ibarətdir”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, istehlak üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı AQTA tərəfindən nəzarət tədbirləri gücləndirilib. Bazardakı keyfiyyətsiz kərə yağları satışdan çıxarılır.

Hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir. Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağlar üçün ən yüksək hədd 2% miqdarında təyin edilib və qablaşdırma zamanı üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulub. 

Bir müddət öncə AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılıb və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb.

Qeyd edək ki, saxta yağlar ürək, qan-damar, infarkt, şəkərli diabet kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur. Tərkibində olan yüksək sıxlıqlı yağ turşuları mədəyə zərər vurur. Həkimlər bildirirlər ki, bərk yağa bitki yağı əlavə edərək yeni yağ hazırlayıb satışa çıxarırlar. Bu da orqanizmə həddən artıq ziyandır.

Oral Mədənçi / Redaktor.az