Bakıda “Qadına şiddətə son!” tədbiri keçirildi

 08:38 30.11.2019     3737

Bakıda “Qadına şiddətə son!” sosial layihəsi ilə bağlı tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, layihə Azərbaycanın iş xanımı Ruhi Əliyevanın şəxsi təşəbbüsü və Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə gerçəkləşib.

Tədbirdə tanınmış ictimai xadimlər, ziyalılar, sənətçilər, iş adamları və media nümayəndələri iştirak edib. Onlar fiziki, mənəvi, psixoloji, iqtisadi və seksual zorakılığa məruz qalan qadınların yaşantıları, baş vermə səbəbləri, insanın cəmiyyətdə hüquqlarını bilməməsi və laqeyd yanaşılmasından danışıb.

Layihə çərçivəsində son zamanlar daha çox gündəmi zəbt edən qadına şiddət, qadın ölümləri ilə bağlı müxtəlif sosial çarxlar hazırlanıb. Sözügedən sosial çarxlarda bu zorakılığın aradan qaldırılması, qadın hüquqlarının insan hüquqlarından ayrılmaz hissəsi olması ilə bağlı cəmiyyətə çağırışlar səsləndirilib.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi Araz Babayev layihə haqqında bunları deyib:

"Biz artıq 4 ildir ki, bu Ruhi xanımın bu layihəsini dəstəkləyirik. İnsan alverinə məruz qalanların 90 faizi qadınlardır. Bunlar da əsasən erkən nikaha daxil olur və məişət zorakılığına məruz qalanlardı. Bu kimi faktlar bölgələrdə daha çox özünü göstərir. Evini tərk edib şəhərə gəlir, parlaq həyat cəlbedici görünür, təəssüf ki, belə qadınlar çox vaxt insan alverinin qurbanı olurlar. Ötən il 82 qadın insan alverinin qurbanı olub.

Əməkdaşlarımız regionlarda müxtəlif səpgili tədbirlər, maarifləndirmə işləri həyata keçirirlər. Təbliğatımız da bundan ibarətdir ki, zəriflik nümunəsi olan qadınlara şiddət yox, qayğı göstərmək lazımdır". 

Çıxış edən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, qadına şiddətlə bağlı təbliğatlara yalnız qadınlar deyil, bütün cəmiyyət maraqlı olmalıdır: "Artıq 4 ildir ki, Ruhi xanım bu tədbiri həyata keçirir, olduqca təqdirəlayiqdir. Zorakılıq dedikdə yalnız fiziki deyil, psixi, iqtisadi, mənəvi zorakılıq mövcuddur. Şiddət zəifliyin əlamətidir və bir gün faciə ilə nəticələnir. Şiddətə döz demək, zərərli düşüncənin məhsuludur. Milli Məclisin son büdcə müzakirələrində də qeyd etmişəm. Təəssüf ki, hər gün mediada belə xəbərlərlə yatırıq, ayılırıq. Televiziyalarda sosial çarxlar az görürük. Hamımız bu məsələdə maarifləndirmə missiyasını öhdəmizə götürməliyik. Fikrimcə, özəlliklə kişi ziyalılarımız bu məsələni işıqlandırsa, maarifləndirmədə fəal iştirak etsə, daha təsirli olar. Analar ağlayanda övladlar gülə bilmir. Bir ailənin daxilində şiddət varsa, o ailənin daxili ola bilməz". 

Q.Paşayeva onu da əlavə edib ki, qadınlarla bağlı sığınacaq mərkəzinin, aliment fondunun yaradılması məsələsi Milli Məclisdə müzakirə edilib, gələcəkdə bununla bağlı tədbirlər gözlənilir. 

Millət vəkili Jalə Əliyeva da çıxış edərək qadınların susduqca, daha çox şiddət gördüklərini deyib: "Dövlətimiz, dövlət rəhbərimiz bu ölkənim qarantıdır. Amma biz cəmiyyət olaraq çalışırıqmı? Məncə ən böyük problem elə bunun kökündədir. Hər birimiz səsimizi çıxarmalıyıq".

Qeyd edək ki, tədbirdən öncə Azərbaycanın çağdaş qadın rəssamlarının “Daha gözəl dünya üçün qadına şiddətə son!” adlı sərgisi təqdim olunub.

Aynur Sakitqızı və Gülüstan Qayıbovanın hazırladığı sərgidə 20 xanım rəssamın əsərləri nümayiş olunub.