DİQQƏT! Yeyib, içib, ölə bilərsiniz... - Bakının sərxoş "ayıq sürücü"ləri

 14:00 02.12.2019     6731

Xəbər verdiyimiz kimi, ötən gün Binəqədi rayonunda “ayıq sürücü” xidməti göstərən şəxs 60 yaşlı kişini döyüb.

Redaktor.az xəbər verir ki, Həsənov Mübariz Məhəmməd oğlu içkili olduğu üçün şirkətlərin birindən onu yaşadığı ünvana aparması üçün “ayıq sürücü” sifariş verib.

Lakin “Mercedes” markalı avtomobildə hərəkətdə olarkən sürücü ilə avtomobil sahibi arasında mübahisə düşüb. Daha sonra mübahisə davaya çevrilib. Sürücü 60 yaşlı kişinin baş nahiyəsinə zərbələr endirib.

Ortaya maraqlı suallar çıxır, “ayıq sürücü” xidməti göstərən şirkətlərin fəaliyyəti qanunla necə tənzimlənir? Sürüclər işə götürülən zaman psixoloji durumları yoxlanılırmı? 

Yol-nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, “ayıq sürücü” xidməti qanunla tənzimlənmir, yəni heç bir hüquqi bazası yoxdur:

“Hazırda “ayıq sürücü”lərin işə götürülməsi, ümumiyyətlə belə şirkətlərə nəzarət yoxdur. Sürücü kimi çalışanların çoxu qeyri-peşəkar insanlardır. Hətta sərxoş vəziyyətdə “ayıq sürücü” xidməti göstərən şəxslərlə də rastlaşmışıq.  Nəticədə avtomobil sahiblərinə cərimə yazılır, yol qəzaları nəticəsində xoşagəlməz hadislər baş verir, insanların avtomobilinə ziyan dəyir”.

Elməddin Muradlı əlavə edib ki, Azərbaycanda bu sistem özünü doğrultmayıb və iflasa uğramaq ərəfəsindədir:

“Hesab edirəm ki, bu sistsem iflasa uğramaq üzrədir. Bazarda mövcud olan bir çox məşhur “ayıq sürücü” xidməti göstərən şirkətlərin çoxu artıq yoxdur. İndi az sayda “ayıq sürücü” xidməti göstrən peşəkar şirkətlər var. Əslində, bu xidmət sahəsində yaxşı gəlir əldə etmək olar. Sadəcə işə peşəkar yanaşmaq lazımdır. Hüquqi bazar formalaşmalıdır. Əmək müqaviləsi bağlanmalıdır, insanlara yüksək əmək haqqı və ya faiz ödənilməlidr”. 

Oral Mədənçi / Redaktor.az