BDU-da tələbələrə pulsuz nə yedirdirlər? - Zəhərlənmələrlə bağlı ŞOK İDDİA

 12:53 03.12.2019     3544

Son günlər Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin zəhərlənməsi ilə bağlı xəbərlərin sayı artmaqdadır.

Ortaya maraqlı sual çıxır, BDU-nun tələbələri nə yeyirlər ki, zəhərlənirlər?

Redaktor.az xəbər verir ki, bir müddət öncə təhsil eksperti Kamran Əsədov “Facebook” hesabında BDU-da təhsil alan aztəminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə gündəlik 3 manat dəyərində pulsuz yemək talonu verildiyini yazmışdı.

Onun sözlərinə görə, BDU-nun rektoru Elçin Babayev bununla bağlı müvafiq göstəriş verib. Qərar noyabrın 1-dən icra olunur.

BDU-da təhsil alan, adının açıqlanmasını istəməyən tələbələr isə iddia edirlər ki, zəhərlənmələrin arxasında elə bu 3 manatlıq pulsuz yemək talonu dayanır. Yəni, bu talonla tələbəyə verilən yeməyin daha ucuz başa gəlməsi üçün keyfiyyətsiz qidalardan istifadə edilir.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bu iddianı absurd hesab edib:

“Bizim ali məktəbin yeməkxanaları yeni təmirdən çıxıb. Hər biri yüksək standardlara cavab verir. Digər tələbələrin, müəllimlərin yediyi yeməkdən 3 manatlıq kupondan istifadə edən tələbələr də yeyir”.

Oral Mədənçi / Redaktor.az