Bakıda qaydaları pozan sürücü günün sonuna kimi MƏCBURİ SAXLANILACAQ
“Bakıda qaydaları kobud şəkildə pozan, Təcili Tibbi Yardım maşınına yol verməyən sürücü özünü təqdim etməsə, günün sonuna kimi məcburi şəkildə saxlanılacaq”.
Bunu Redaktor.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, qaydaları pozan avtomobil bir xanıma məxsusdur və onun ad, soyadı da məlumdur:
“Sürücünün səhvini etiraf edib, özünü təqdim etməsini gözlədik, lakin belə olmadı. Çox güman ki, sözügedən sürücünün məcburi saxlanılması və qanunvericilik qarşısında məsuliyyətə cəlb edilməsi baş tutacaq. Həmçinin, görüntüyə diqqət yerdiyimiz zaman sürücünün kobud şəkildə qayda pozuntusunu da aşkar etdik. Orada təkcə Təcili Tibbi Yardım avtpomobilinə yol vermək söhbəti deyil, sürücünün yola birinci daxil olub, getmək istəyidir. Bu hərəkət bəzən süni tıxacların yaranmasına səbəb olur. Qanun deyir ki, yol hərəkətində tələsmək olmaz, tələblərə uyğun şəkildə hərəkət etmək lazımdır. Təəssüf olsun ki, hələ də belə sürücülər var.
Hörmətli avtomobil sürücüləri, yol hərəkətində hərəkət üstünlüyü olan nəqliyyat vasitlərinə yol verməlisiniz. Burada söhbət təkcə Təcili Tibbi Yardım avtomobillərindən getmir. Yanğınsöndürən, polis avtomobilləri də bura aiddir. Bu nəqliyyat vasitələri hərəkət üstünlüyünə malikdir. Belə avtomobiilər tərəfindən hərəkət zamanı sayrışan işıq, siqnal və radiocihaz vasitəsilə işarə verilirsə, hərəkət iştirakçıların hər biri lazım olarsa, dayanmalı, onların hərəkətinə yol verilməlidir. Belə etməyənlər inzibati qaydada məsuliyyətə cəlb edilir. Çünki bu zaman inzibati xəta tərkibi yaranır. Lakin burada söhbət vətəndaşların əsuliyyətə cəlb edilməsindən getmir. Hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələrinə nəinki 2, hətta 1 zolaqlı yolda belə yol verilməlidir. Bu gün sahədə tələbləri yetirən sürücülərimiz də var. Onlara öz təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, ötən gün Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Təcili Tibbi Yardım maşını hərəkətdə olarkən sayrışan işıq və səs siqnalı yandıraraq digər sürücülərdən yol istəyib. Bu zaman 90 SJ 100 dövlət nömrə nişanlı, "Land Cruiser" markalı avtomobilin sürücüsü operativ nəqliyyat vasitəsinin önünə keçib. Dəfələrlə xəbərdarlıq edilsə də, maneə yaradıb.
Xəyalə Məmmədova / REDAKTOR.AZ