Bu şəxslərin icbari tibbi sığorta haqları MÜƏYYƏNLƏŞİB

 15:45 11.12.2019     466

İlkin səhiyyə xidməti üçün ailə həkiminə müraciət etmədən öz səhiyyə rayonunda xəstəxanaya gedib müayinə olunan şəxslərin icbari tibbi sığorta haqları müəyyənləşib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, öz səhiyyə rayonunda ailə həkiminə müraciət etmədən xəstəxanaya gedib müayinə olunan şəxslər 5 manat,  öz səhiyyə rayonunda, amma qeydiyyatda olmadığı rayonda müayinə  üçün 5 manat, stasionar xidmət  üçün 30 manat ödəməlidirlər: "Bu qəbildən olan şəxslər digər səhiyyə rayonunda müayinə olunmaq  üçün 15 manat ödəməlidirlər. Həmin şəxslər üçün 100 manatadək xidmətlər pulsuz, 100 manatdan yuxarı xidmət haqqı isə 90 manatdır”. 

 O qeyd edib ki, 2017-ci ildən Agentlik tərəfindən Ailə həkimi institutu yaradılıb və bunun tətbiqinə başlanılıb: 

“Ailə həkimi ilkin səhiyyə xidməti verir. Əgər təcili hal olmasa, ailə həkimi tərəfindən digər xəstəxanaya göndəriş verilir”.

Ş. Eyvazov ödəniş zənciri ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Məsələn, Qəbələ sakini (təcili tibbi yardıma ehtiyacı olan xəstəni çıxmaq şərtilə) həmin rayon xəstəxanasında heç bir ödəniş etmədən xidməti alacaq. Plandakından fərqli olaraq başqa ixtisas həkiminə getməyə ehtiyac olarsa, o, ailə həkimi tərəfindən göndərişlə digər xəstəxanaya gedir və müayinə olunur. Əgər tibb müəssisəsində müalicəsini ala biləcəksə, bu, pulsuzdr. Əgər Qəbələdə xəstəyə lazım olan xidmət orda yoxdursa, eyni səhiyyə rayonu üzrə digər rayona göndərilir. Müalicə orada da mümkün olmadıqda, göndərişlə Bakıda 3-cü səhiyyə xəstəxanasına gedir. Göndəriş olduğu halda, xidmətlər pulsuzdur”.//Apa.az