Komitə uşaqların şiddətə məruz qalmaması üçün qabaqlayıcı tədbirləri açıqlayıb

 17:00 09.01.2020     1462

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) uşaqların şiddətə məruz qalmaması üçün qabaqlayıcı tədbirləri açıqlayıb.

Redaktor.az-ın xəbərinə görə, valideynlər övladlarını zorakılıqla bağlı maarifləndirməlidirlər: “Onu narahat edən hallarda sizinlə, müəllimləri və məktəb rəhbərliyi ilə danışmasını öyrədin. Özünü necə qoruya biləcəyinə dair məsləhətlər verin. Uşağınıza pul, mobil telefon, MP3 və ya digər maddi dəyəri yüksək olan əşyaları yanında gəzdirməməyi tapşırın və buna icazə verməyin. Məktəbə yaxın və yaxşı dostları ilə gedib gəlməyini məsləhət verin. Son dövrlər internet uşaqların şiddətə məruz qalmasında əsas faktorlardan birinə çevrilib. Uşağınızın internetdən istifadəsinə nəzarət edin. Onu sosial şəbəkələrdə qarşılaşa biləcəyi təhlükələrdən agah edin. İctimai nəqliyyatda hər-hansı təhlükə ilə üzləşərsə, yaxınlıqdakı böyüklərdən kömək istəməsini söyləyin. Qohum belə olsa, uşağınızı heç kəslə tualetə göndərməyin. Vücuduna heç kəsin toxunmasına icazə verməməsini başa salın. Qorxudaraq deyil, açıqlayaraq öyrədin. Özünü öpdürmək istəmirsə, zorla öpməyin. Heç vaxt uşağınızın dodağından öpməyin. Övladınızla dost yox, valideyn olun. Sıxlıq olan ictimai nəqliyyatda "dayının", "xalanın qucağında otur" deyib tanımadığı adamlarla yaxınlıq etməyi öyrətməyin. Yad adamlara xitabən "dayı səni döyər, xala səni döyər" deyib, istənilən adamın ona şiddət göstərə biləcəyi fikrini aşılamayın. Övladınıza bol-bol sarılın, qucaqlayın sevginizi göstərin. Siz sevginizi hiss etdirməsəniz övladınız bunu kənarda axtarar və bu zaman da şiddət göstərən şəxslərin hədəfinə tuş gələ bilər”.//Apa.az