İlham Əliyev qəti tapşırıq verdi, onlar cəzalandırılacaq - EKSPERT RƏYİ

 12:36 20.02.2020     5717

"Sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Heç kim 8 saatdan çox işləməməlidir. Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkarlar cəzalandırılsın".

Redaktor.az xəbər verir ki, bu fikirləri Fevralın 3-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev deyib. 

Belə olan halda həmin sahibkarları hansı cəza gözləyir?

Tanınmış vəkil Roman Qaraşovun sözlərinə görə, işçi və işəgötürən arasında yaranan münasibətlər əmək müqaviləsinə əsasən müəyyən olunur. Əmək məcəlləsi isə minimum normaları, vacib tələbləri özündə əks etdirir:

"Əmək məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bu, beş günlük iş həftəsilə işləyən şəxslərə aiddir”.

Roman Qaraşov bildirib ki, altı günlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz:

“İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək  məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Yəni mövcud qanunvericiliklə 8 saatdan artıq işçi heç bir halda mütəmadi olaraq işlədilə bilməz, bu, ciddi qanun pozuntusudur”.

Vəkilin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən əmək və istirahət normalarına əməl edilməməsi 1000 manatdan 2000 manatadək cərimə cəzasının tətbiq edilməsinə əsas verir:

“Lakin sahibkarlıq sahəsində yoxlamalar dayandırıldığından bu problemin nəzarət mexanizmini işə salmaqda məhdudiyyətlər var. Müzakirələrin səbəbi işəgötürənləri bu normaların tələblərinə riayət  etməyə çağırmaqdır”.

Sevda Ulutau / Redaktor.az

2