Bakıda binaya qanunsuz qaz verilib - VİDEO

 04:19 02.03.2020     4029

Yasamal rayonu, Tbilisi prospekti, 3166-ci məhəllədə yerləşən “Şakir MTK”ya məxsus binada qanunsuz olaraq mənzillərə qaz açılıb.

Redaktor.az xəbər verir ki, məlumatına görə, mövcud 170 mənzildən 130-a qədəri “Azəriqaz” İstehsalat Birliyinin xəbəri olmadan 2020-ci il yanvarın 6-dan mavi yanacaqdan istifadə edir. Halbuki Mənzil Tikinti Koperativi ilə müqavilə əsasında qazlaşmanı həyata keçirən podratçı təşkilat açılış üçün məktubla rəsmi olaraq “Azəriqaz”a müraciət etməli idi. Sayğaclar möhürlənib, təhlükəsizlik qaydaları nəzərdən keçirildikdən sonra hər bir sakinlə abonent müqaviləsi bağlanılmalı və onlar kartlarını alaraq qazdan istifadə etməli idi.

Lakin bu tələblər podratçı tərəfindən gözlənilməyib, baş verə biləcək təhlükələrə göz yumulub. Sayğacların klapanlarına müdaxilə edilərək qaz açılıb. Bütün sayğaclar hər hansı ödəniş edilmədiyindən 2 aya yaxındır ki, mənfiyə işləməkdədir. Sayğaclar üzərində ən azı 400-800 kubmetr dəyəri ödənilməyən sərfiyyat mövcuddur.

Daha sonra sakinlərlə görüşə gələn podratçı təşkilatın Hüseyn adlı nümayəndəsi günahkar olduqlarını etiraf edib və sayğaclarda bundan sonra hansısa qüsur baş verərsə bunu aradan qaldıracaqlarına söz verib.

Qeyd edək ki, müdaxilə olunan sayğacların “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində yoxlanılmasına ehtiyac yaranıb. Narazı sakinləri isə martın 2-də "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev qəbul edərək, podratçının yaratdığı problemlərlə maraqlanacaq. //Qafqazinfo.az