Xırdalanda sakinləri aldadaraq 50 manatdan pul yığılır? - AÇIQLAMA / FOTO

 17:08 04.03.2020     3199

Xırdalan şəhərinin Quşçuluq massivində yaşayan sakinlər ərazidəki şəraitsiz vəziyyətdən narazıdırlar. Onlar bildiriblər ki, illər əvvəl öz vəsaitləri hesabına yol, su və kanalizasiya sistemi çəkiblər. Lakin bir il əvvəl onlara bildirilib ki, yeni kanalizasiya və su xətti çəkilir. O gündən sonra yol, su və kanalizasıya sistemi bərbad vəziyyətə salınıb. Sakinlərin sözlərinə görə, daha sonra  50 AZN məbləğində vəsait yığılıb, lakin yenə də problem öz həllini tapmayıb.

Məsələ ilə bağlı, Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Azər Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, ərazi tamamilə yenidən qurulur. İki ilə yaxındır ki, bu proses davam edir:

“Buna külli miqdarda dövlət vəsaiti ayrılıb. Hazırda 8-9 briqada işləyir. Heç bir vətəndaşdan pulun yığılmasından söhbət gedə bilməz. Bu işi cənab prezidentin tapşırığı ilə Abşeron Rayon İcra Hakimiyyəti yox, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Vəsait də "Azərsu" ASC-yə ayrılıb”.

Şöbə müdiri bildirib ki, layihədə quruculuq işlərinin 2 il 4 aya tamamlanması nəzərdə tutulub:

“Vətəndaşların çoxu işin mahiyyətini başa düşmür. Ola bilsin ki, bu işdə bizim mətbuat xidmətinin də müəyyən nöqsanları var. Saytlarda, müəyyən telekanallarda rayonun icra hakimiyyətini günahlandırırlar. Lakin biz də sizi kimi, vətəndaşlar kimi onlardan xahiş edirik ki, işi bir qədər sürətləndirsinlər, tələssinlər. Tamamilə razıyam ki, Xırdalanın bəzi küçələrində müəyyən problemlər var. Amma ardıcıllıqla, hissə-hissə hamısı öz həllini tapacaq”.

Sevda Ulutau / Redaktor.az

22