Daha 100 min şəxsə birdəfəlik ödəniş edilib

 09:54 06.05.2020     1838

İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 100 min nəfər üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına görə ödənişlərin olunması prosesi yekunlaşıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi üç dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 minə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilir.

Onlar qəbul etdikləri SMS-lərdə göstərilən qaydada poçt şöbələrindən və ya bank filiallarından vəsaitlərini alıblar.

May ayına aid birdəfəlik ödənişləri isə həmin vətəndaşlar bank kartları vasitəsilə alacaqlar. Nazirliyin sifarişi ilə hazırlanan kartlar hazırda banklar tərəfindən onlara tədim edilir.  

Birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısı da nazirliyin rəsmi saytında yerləşdirilib.