Adınızı siyahıda yenidən yoxlayın - Xəbərsiz verilən yardım...

 10:17 14.05.2020     2480

Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində işini itirmiş şəxslərə hökumət 190 manat birdəfəlik yardım təyin edib. Prezident İlham Əliyevin tapşırığı ilə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min nəfərə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprelin 9-dan ödəniş prosesi həyata keçirməyə başlayıb. 

Lakin bəzi insanlar bildirirlər ki, xəbərləri olmadığı halda onların adına yardım ayrılıb, amma heç bir bildiriş göndərilməyib. Belə olan halda təyin olunmuş yardım kimə çatıb? Bu məsələlər nə qədər realdır? 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Redaktor.az-a bildirib ki, bu cür problemlə üzləşən vətəndaşlar ƏƏSMN-ə müraciət edə bilərlər:

Nazirlik korrupsiya ilə bağlı müraciətlərə aydınlıq gətirdi

"Biz də sosial şəbəkələrdə bəzi vətəndaşların guya xəbərləri olmadan adlarına yardım təyin edilməsi və onlara heç bir bildiriş getmədiyi barədə məlumatları oxuyuruq və bu məsələləri araşdırırıq. Bütün hallarda vətəndaşın yaxın ailə üzvləri tərəfindən müraciət olunduğu müəyyən olunur. İkinci halda isə onlar 2020-ci il aprelin 1-dək işsiz kimi məşğulluq mərkəzində qeydiyyata alınmış şəxslərdir. Onların işsiz statusu qüvvədə olduğundan, avtomatik olaraq yardım təyin edilib. Təbii ki, 600 minlik siyahının açıqlanmasında da məqsəd nazirlik tərəfindən ictimai açıqlığı təmin etməkdir. Əgər vətəndaşların məlumatsızlığı nəticəsində onlara vəsaitin təyin edilmə halları varsa, bizə müraciət edə bilərlər. Amma indiyə qədər edilən bütün müraciətlər nəticəsində bu kimi faktlar öz təsdiqini tapmayıb".

Sevda Ulutau / Redaktor.az