İyun ayında işsiz vətəndaşlar 190 manat ala biləcək? – RƏSMİ

Artıq aprel ayı üçün işsiz və aztəminatlı vətəndaşlara dövlət tərəfindən birdəfəlik yardım (190 manat) edilib.
Məlumata görə, may ayı üçün də ödənişlərin bir qismi həyata keçirilib.
Redaktor.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, may ayı üçün 300 min nəfər birdəfəlik yardım (190 manat) ödənilib. Proses davam edir:
“Aprel ayının ödənişi tam yekunlaşıb. May ayının ödənişi də artıq 300 min nəfərə ödənilib. Bu, 2 aylıq müddətdə pandemiya dövründə dövlətin işsiz vətəndaşlara, bu dövrdə işini itirən vətəndaşlara, aztəminatlı vətəndaşlara qayğısını əks etdirən sosial dəstək tədbiridir”, – deyə Fazil Talıbov bildirir.
190 manat yardım alanları maraqlandıran əsas sual isə növbəti ay üçün də bu ödənişlərin həyata keçirilib-keçirilməyəcəyidir:
“Növbəti ay üçün proses nəzərdə tutulmayıb. Hökumətin qərarından asılı olacaq məsələdir”, – nazirliyin sözçüsü qeyd edib.