Marketlərdə inanılmaz fırıldaqçılıq üzə çıxdı - Görün nə edirlər... / VİDEO

Xəbər verdiyimiz kimi, ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri qaytarılmasına başlanılıb.
Redaktor.az xəbər verir ki, bunun üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçmək lazımdır. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır. Bundan sonra əməliyyatları həyata keçirə bilərsiniz. Yəni, sizə təqdim olunan çekin üzərindəki fiskal İD-ni yazırsınız və hesablanan ƏDV-ni geri alırsınız.
Lakin bir çox iri marketlərdə, ticarət mərkəzlərində çekin üstündə ƏDV-nin fiskal İD-si görünmür. Nəticədə ƏDV-ni geri almaq istəyən çətinliklə üzləşirlər.
Kassa aparatlarının monitorinqi keçirilirmi? Bu məsələ necə həllini tapmalıdır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu işlər Vergilər Nazirliyinin səlahiyyətindədir:
"Çox təəssüflər olsun ki, bu sahədə böyük problem yaşanır. Bir çox yerlərdən bizə gələn şikayətlərin əksəriyyətində ya kassa çeki verilmir, ya da fiskal İD ilə bağlı problemlər olur. Məsələn, marketlərin 60 faizində hətta malın adı yazılmır. Bu, ciddi vergidən yayınma məsələsidir. Biz dəfələrlə Vergilər Nazirliyinə demişik ki, bu problemlərə baxılsın. Düşünürəm ki, Vergilər Nazirliyi tədbirlər görməlidir".
Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov isə qeyd edib ki, əgər çek vurulubsa, o artıq məlumat bazasına oturub və vergi öhdəliyini yaradıb:
"Çekin üzərində digər məlumat görünürsə, fiskal İD-nin görünməməsi mümkün deyil. Aparat vahid çek çıxarır. Lakin bir məqam var, ƏDV-nin qaytarılması üçün iki şərt tələb olunur. Bunlardan biri marketin ƏDV ödəyicisi olması, digər isə çekin yeni nəsil kassa aparatından alınmasıdır. Ola bilər ki, vətəndaşa çek verilərkən yeni nəsil kassa aparatından deyil, köhnə kassalardan istifadə edilib. Marketlərdə hər iki kassadan var. Buna yerində baxmaq lazımdır. Kassaların böyük əksəriyyəti yeni nəsil aparatlardır.
Başqa bir məsələ isə odur ki, əgər kassir kod olan hissəni cırıb özündə saxlayırsa, vətəndaş etirazını yerindəcə bildirə bilər. Əgər fiskal İD varsa və sistemə yüklənmirsə, yenə də 195 Çağrı Mərkəzinə məlumat vermək olar. Bu zaman həmin çek nəzarətə götürüləcək. Əgər vətəndaş alqı zamanı ƏDV ödəmirsə, ona heç nə qayıtmır. Qayıdan yalnız ödənilən ƏDV-nin bir hissəsidir. Ümumilikdə isə şəbəkə marketləri və iri ticarət mərkəzləri ƏDV ödəyiciləridir. Qaydalara görə yanacaqdoldurma məntəqələrinin çeklərində ƏDV qaytarılmır".
Sevda Ulutau / Redaktor.az