Maştağadan ürkəkbulandırıcı görüntülər - Yenə məmur səhlənkarlığı... / VİDEO

 10:44 22.05.2020     1714

Bir sıra şəhərkənarı qəsəbələrdə zibil qutularının boşaldılması və təmizlənməsi ilə bağlı müəyyən problemlər yaşanır. Maştağa qəsəbəsi və Savalan yaşayış massivində olduğu kimi...

Sözügedən ərazilərdə zibil qutuları aşıb-daşandan bir neçə gün sonra daşınır. Bu isə xoşagəlməz mənzərə yaradır. Bir tərəfdən istilərin düşməsi ilə ətrafa yayılan qoxu, digər tərəfdən isə epidemiyanın yayıldığı həssas bir dönəmdə antisanitar vəziyyət zibillikləri dözülməz edib.

Tullantıların daşınmasındakı gecikmələrə səbəb nədir?

Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Redaktor.az-a bildirib ki, şəhərin mərkəzində bu cür şeylərin olması mümkün deyil:

"Şəhərin mərkəzində belə şey ola bilməz. Xüsusi qrafik əsasında bütün zibillər daşınır. Qəsəbələrdə isə zibilin daşınması bələdiyyələr tərəfindən həyata keçirilir. Belə məsələlərə yerli bələdiyyələr cavabdehdir".

Maştağa bələdiyyəsindən isə bildirdilər ki, tullantılar üçün pul yığılmalıdır. Heç bir ölkədə zibillərin daşınması pulsuz həyata keçirilmir:

"Tullantılar heç kəs üçün pulsuz daşınmır. Zibil pulu yığılır və bu daşınma üçün Balaxanı ərazisində 1 kub 1, 26 qəpiyə başa gəlir. Hansı ölkədə zibil pulsuz daşınır? Hər bir vətəndaş zibil pulu verməlidir. Bunun yanacağı var, fəhlə pulu var və s. Vətəndaşlar ödəniş etdikdən sonra, onlara ödəniş çeki təqdim olunur. Bu işlərlə Mənzil Kommunal Təsərrüfat Birliyinin nəzdində olan təşkilat məşğul olur. Bir aya 2 manat pul verilməlidir.

Qeyd olunan ərazidə gündəlik olaraq zibil daşınması həyata keçirilir. Ola bilər ki, maşın xarab olub və ya hansısa nasazlıq olduğu üçün zibillərin daşınması bir qədər gecikib".

Sevda Ulutau / Redaktor.az