Pediatrdan xəbərdarlıq: Uşaqları təmiz havaya çıxarın, yoxsa...

 14:56 02.06.2020     1887

"Son günlər uşaqlar arasında yuxu pozğunluğu, iştahsızlıq, davranışda aqressivlik, diqqətsizliklə bağlı şikayətlər çoxalıb".

Redaktor.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev öz Feysbuk hesabında yazıb. Pediatr bildirib ki, son zamanlar bir çox uşağın əsəblərində gərilmə müşahidə olunur:

“Bu hal gözlənilən idi. Çünki daim hərəkətdə olmalı olan uşaqlar bir neçə ay evlərə qapandılar. Məcburi təcrid də mütləq uşaq psixikasına təsir etməli idi. Uşaqlar üçün ən böyük "tərbiyəçi" elə uşaqların özüdür. Amma vəziyyətlə əlaqədar uşaqlar məcburən kollektiv oyunlardan, məktəbin, bağçanın pozitiv aurasından məhrum oldular. Ev şəraiti, havasızlıq da bir başqa problem idi”.

V.Qarayev uşaqların mümkün qədər açıq havada olmalarının daha yaxşı olduğunu bildirib:

“Düzdür, sıx kontaktlar hazırda təhlükəlidir. Buna görə də hər ailə özü üçün parklarda və uşaqlar üçün olan meydançalarda yer seçə bilər. Qısa zamanda uşaqları təkrar öz azadlıqlarına adaptasiya etdirməliyik.Yoxsa psixoloji gərginlik digər xəstəliklərin yaranmasına və ya kəskinləşməsinə səbəb olacaq”, - deyə pediatr qeyd edib.