Rekord yoluxmadan sonra sərt karantin qaydaları - HANSI QƏRAR VERİLƏ BİLƏR?

 18:51 02.06.2020     2410

"Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasından sonra virusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Bu isə xüsusi karantin rejiminin yenidən tətbiq olunacağı ilə bağlı məsələni gündəmə gətirir".

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən tibb üzrə professor Adil Qeybulla bildirib ki, ciddi karantin rejiminə qayıtmaq qəti şəkildə məqsədəuyğun deyil:

“Çünki hazırki havada insanları evdə saxlamaq mümkün olmayacaq. Onları da başa düşmək lazımdır. Əslində xüsusi karantin rejiminin yenidən tətbiq olunmasındansa, insanların hazırki qaydalara əməl etməsini tələb etmək, onları marifləndirmək daha doğru olardı”.

Professor bildirib ki, Operativ Qərargahın ən böyük yanlışı yeni karantin qaydalarını müəyyənləşdirmədən, təlimatlar hazırlamadan mövcud şərtləri birdən-birə yumşaltmaq oldu:

“Bundan sonra sadəcə sanitar gigiyenik qaydalara əməl olunmasına ciddi nəzarət olunmalıdır. Təcrübə göstərir ki, əsas şərt gigiyenik qaydalara əməl etməkdir. İkinci dəfə sərt karantin rejiminin tətbiq olunması effekt verməyəcək”.

Mahir Ələkbərov / Redaktor.az