Bakıda avtobus problemi: Vətəndaşlar BNA-dan narazıdır - SORĞU
İctimai nəqliyyatda olan problemlər hər zaman insanları narahat edən əsas məsələlərdən biridir. Zaman-zaman istər sosial şəbəkələrdə, istərsə də elə ictimai nəqliyyatın özündə belə narazılıqlara şahid oluruq.
Bu məqam Redaktor.az-ın sosial şəbəkə istifadəçiləri arasında keçirdiyi kiçik sorğuda da əksini tapıb.
Sorğunun nəticələrini təqdim edirik:
Turan Rzayev: Paytaxtın Xətai rayonu, Fəhlə prospekti adlanan hissəsində ödəniş üçün bir dənə də olsun terminal yoxdur. Həmin ərazidən şəhərin mərkəzinə 21 və 46 saylı avtobuslar hərəkət edir. Bu avtobuslardan da çox insan istifadə edir. Ən yaxın terminallar metronun Həzi Aslanov və Xətai stansiyalarında yerləşir.
İlahə Vəliyeva: Bu gün Bakı-Sumqayıt qatarında əməlli-başlı xaos idi. Xırdalandan Bakıya az qala hamı üst-üstə gəlib. Nəzarətçilər də ara-sıra gəlib, “sosial məsafəni saxlayın” deyirdi. Bu vəziyyət hara kimi gedəcək, bilən yoxdur. Reyslərin sayını mütləq artırmaq lazımdır.
Valeh Arifoğlu: “Bakı Bus”lar kondisioneri qoşmur, soruşanda da deyirlər ki, karantinə görə BNA icazə vermir. Maraqlıdır, niyə?
Elvin Babayev: İctimai nəqliyyatdan hər gün istifadə edirəm. Problemlər çox olsa da, zamanla düzəlir. 10 il bundan öncəki nəqliyyat sistemi ilə indiki çox fərqlidir. Amma yaxşı olardı ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin monitorları fəaliyyətini bərpa etsinlər ki, avtobusların nə zaman gələcəyini bilək. Bundan başqa 90-cı illərdən qalma kəndlərarası avtobuslar “Bakı Bus”larla əvəzlənən “Daevoo” avtobusları ilə əvəzlənsin. Məsələn Azadlıq prospektindən Biləcəri qəsəbəsinə gedən 202 nömrəli marşrut dəyişməlidir. Xəttə 4 ədəd avtobus var. Onlara da minmək müşkül məsələdir.
Orxan Salmanov: Kondisionerin olması çox vacibdir. Çünki havasızlıq və istilik səbəbindən hamı maskaları çıxardır və nəticədə xoşagəlməz durum yaranır.
Gülsüm Həşim: 211 nömrəli maşrutlar İqtisad Universitetinin yanına getməli olduqları halda, getmirlər. Səbəb kimi də interval azlığı, yaxud da tıxacı bəhanə edirlər. 3 ildir ki, bu problem davam edir.
Mahir Ələkbərov / Redaktor.az












