Günel özünü 18-ci mərtəbədən atdı - QIZLARI ZORLA İNTİHAR ETDİRƏN KİMDİR?

 13:54 14.06.2020     3723

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü kurs tələbəsi 21 yaşlı Nağıyeva Günelin özünü 18-ci mərtəbədən ataraq intihar etməsi geniş müzakirələrə səbəb olub. Onun intiharına ailə həyatı qurmağa məcbur edilməsi səbəb göstərilir. Bu, müzakirələri daha da alovlandırıb. 

XXI əsr, sivil ölkə və hələ də cahil düşüncə tərzli davranışlar?!

Sosioloq Əhməd Qəşəmoğlu Redaktor.az-a bildirib ki, bu məsələlərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Lakin maarifləndirmə paralel şəkildə həyata keçirilməlidir - həm valdeyinlə, həm də yeni nəsillə:

"Valdeyinlər artıq bilməlidirlər ki, indiki cəmiyyət 30-40 il bundan əvvəlki cəmiyyətlə eyni deyil. İndi cəmiyyət mürəkkəbləşib. Keçmiş adət-ənənələrin yaxşı tərəfləri var. Amma valdeyin övladı həmin yaxşı tərəflərə məcbur etməyə yox, inandırmağa çalışmalıdır. Övlada "mənim dədəm, babam belə edib, sən də belə etməlisən" göstərişi artıq işə yaramır. İnandırmaq üçün valdeyinin özünün müəyyən səviyyəsi, qabiliyyəti olmalıdır. Biz valdeyinləri də maarifləndirməliyik. Bu istiqamətdə iş aparılmalıdır. Hətta valdeyin özü belə, bu dəqiqə deyiləni eşitməyə və qəbul etməyə hazır deyil. Hər iki tərəflə - həm böyüklərlə, həm də kiçiklərlə işləməliyik". 

Əhməd Qəşəmoğlu: BMT əhali artımının sürətini azaltmaq üçün ...

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirib ki, bu mövzuda kömək üçün müraciət edənlərin sayı o qədər də çox deyil: 

"Belə durumlarda qaynar xəttə zəng vurmaq lazımdır. Amma qaynar xətt mövcud deyil ki, ora zəng vurub məsləhət alsınlar. Polisə zəng vurmaq olar, amma hər adam üçün anasından, atasından, doğmalarından şikayət etmək asan deyil. Həyat yoldaşından şikayət edən qadınların sayı artıb, lakin valdeyinlərindən şikayət edənlərin sayı çox azdır. Ola bilər ki, bu qız da doğmalarından şikayət etmək istəməyib. Təhsil almasına baxmayaraq, çıxılmaz vəziyyətdə qalıb, həll yolu tapa bilməyib. Belə hallarda bu cür insanlara psixoloji dəstək göstərmək lazımdır. Lakin onlar özlərini çıxılmaz durumda görür, heç kimdən dəstək ala bilmir, özbaşına evi tərk edə bilmir və nəticədə yeganə çıxış yolunu intiharda görürlər. Bu da mental düşüncəyə, strerotiplərə dayanır".

Mehriban Zeynalova polislərə təlim keçdi » İnter Press

Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb. Cinayət Məcəlləsinin 125-ci maddəsi isə özünü öldürmə həddinə çatdırmaya görə təqsirkarları cinayət məsuliyyətinə daxil edir. Lakin  Mehriban Zeynalova bildirib ki, intihar halları kifayət qədər araşdırılmır və bir çox hallarda cinayət işi dərhal bağlanır:

"İntihar məsələlərində, ələlxüsus da qadınların, gənc qızların intiharının əksəriyyətinin arxasında zorakılıq faktları var. Sözügedən hadisədə də məcburi nikaha vadar etmə faktı var. Bu halda “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun əsas götürülə bilər. Digər qanunvericilik aktlarına istinad edilə bilər və s. Çox təəssüf ki, istintaq qrupları intihar hallarını kifayət qədər araşdırmır. Belə hallarda yaxşı olardı ki, müstəqil ekspert qrupu həmin istintaqa mane olmadan, həm şəffaflığın təmin edilməsi, həm də istintaq materiallarının daha yaxşı toplanmasına nəzarət məqsədilə fəaliyyət göstərsin. İntihar hallarının 99 faizi dərhal bağlanır. İstər doğması olsun, istər başqası olsun, həmin insanlar məsuliyyətə cəlb olunmalıdır".

Belə nəticəyə gəlmək mümkündür ki, belə səbəbdən baş verən intiharlara da mental düşüncə ilə yanaşılır. Cinayət işləri dərhal bağlanır, təqsirkar (valdeyin belə olsa) bir insanı (övladını) özünü öldürmə həddinə çatdırdığı üçün cəzasız qalır. 

Tanınmış vəkil Roman Qaraşov bildirib ki, qanunvericilikdə həmin şəxslərin məsuliyyətdən azad olunması məsələsi yoxdur. Sadəcə övladlarını itirdikləri üçün valdeyinlərin cəzalandırılması barədə daha sərt tədbirlərin görülməsinə bəzən çəkinilir. Lakin bu da doğru addım və vəziyyətdən çıxış yolu deyil:

"Belə valdeyinlərin, eyni zamanda oğlanın və valdeyinlərinin də məsuliyyət məsələsini ortaya qoymaq lazımdır. Çünki onlar həmin xanımın ailə həyatı qurmaq istəmədiyini və iradəsinə zidd olaraq nikaha daxil edilməyə çalışıldığını bilə-bilə, bu addımı atmağa davam edirlər. Bu zaman hər iki tərəfin məsuliyyəti məsələsi gündəmə gəlməli və məsuliyyətə cəlb olunmalıdır. Bütün hallarda nikah könüllü razılıqdır.  Hər iki tərəfin qarşılıqlı anlaşma şəklində həyata keçirdiyi məsələdir. Hər hansı təsirlə, müdaxilə və ya məcburiyyətlə ailənin qurulması və bunun ölümlə nəticələnməsi, Cinayət Məcəlləsinin ölüm həddinə çatdırmaq maddəsinə daxildir və məsuliyyət yaradır".

Cinayət məcəlləsi 125-ci Maddə: Özünü öldürmə həddinə çatdırma

Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Tanınmış vəkil həmçinin qeyd edib ki, istənilən insanın təzyiqi ilə nikaha daxil olmağa sövq edilməsi də, ciddi məsuliyyət məsələsidir. Bu işdə əli olan hər bir şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır:

"Nikaha zorla daxil olma, Cinayət Məcəlləsinin 176-cı maddəsində qeyd edilən sanksiyaların tətbiq olunması üçün əsas yaradır. Hər bir halda nikaha daxil olmaq üçün şəxsin razılığı olmalıdır.

Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə

176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə -iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu cür şəxslər məsuliyyətə cəlb edilməlidir ki, haqq-ədalət öz yerini tapsın. Bunu isə istintaq orqanları etməlidir. Qanunun bir vəzifəsi də cinayəti törətmiş şəxsin cəzalandırılması ilə yanaşı, digər şəxslərin də həmin əməli törətməkdən çəkindirilməsinə xidmət edir. Yəni, çəkindirmə prinsipi də bu məsələdə öz əksini tapa bilər ki, həmin şəxslərin məsuliyyətini görən digər vətəndaşlar, bu cür əməllər törətməkdən imtina etsin".

Sevda Ulutau / Redaktor.az

2