Karantin rejiminin insanlara təsiri: Əsəb, aqressiya, depressiya... - SORĞU

Son aylar koronavirus pandemiyası bizi narahat edən əsas məsələlərdən biridir. Müşahidələr göstərir ki, bəziləri belə fövqəladə anlarda məsələyə tamamilə biganə yanaşsa da, bir qrup isə təhlükəni şişirdərək, özünə qapanır.
Redaktor.az sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirərək, karantin dövürünün onlara necə təsir etdiyini öyrənib.
Sorğunun nəticələrini təqdim edirik:
Elmir Muradov: Kimliyindən asılı olmayaraq, insanı çərçivəyə salanda sıxılır və psixoloji təsir edir. Bu baxımdan karantin qaydaları insanlara təsirsiz ötüşməyib. Amma təbii ki, bu, müvəqqəti haldır. İnsanlar gərək səbrli olsun. Karantin qaydalarının tətbiqi cəmiyyətin sağlamlığı üçündür.
Aygün Həsənli: Mövcud vəziyyət əsәb və qıcıq yaradır.
Tərxan Paşazadə: Çox yaxşı təsir edir. Karantin əsl mənə görədir. Əvvəllər oxuduğum kitablardan, baxdığım filmlərdən aldığım informasiyalar sayəsində pandemiyaya tam hazır idim. Ona görə də, şəxsən özümün mənəvi vəziyyətimdə problem yoxdur. Lakin yaxın qohum-əqrəba, dost-tanış arasında çox sayda işsiz, gəlirsiz insanın olması üzücü bir durumdur. Təəssüf ki, mənim onlara dəstək olmaq üçün imkanlarım məhduddur. Digər vurğulamaq istədiyim məqam isə kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəzin çox baha olmasıdır. Hə, bir də isti havada maska taxmaq heç də xoş deyil.
Rauf Əliyev: Mənə o qədər də pis təsir etməyib. Çünki evdə olanda düşürəm həyətə, iş görürəm, başım qarışır. Əslində karantinin bir çox müsbət tərəfləri də oldu: küçələrdə maşınlar azalıb, zavod və fabriklər dayanıb, havda toz-torpaq azalıb. Bir sözlə, ekologiya təmizlənib.
Kenan Qafar: Pis təsir edir, istər-istəməz əsəbiləşirəm.
Turanə Tağızadə: Əvvəl-əvvəl bir insan kimi çox narahat olurdum. Sanki , kimdənsə virusa yoluxacam hissi var idi. Əllərimi spirtləməkdən dərisi yanmışdı. Sonra özüm-özümə psixoloji dəstək olamağa çalışdım.Təbii ki, insanlarla məsafəli davranmağa, uzaq durmağa çalışdım. Əslində bu virus insanlara gigiyena qaydalarına ciddi riayət etməyi öyrətdi.
Nazlı Çələbi: Çox pis, aqressiv olmuşam.
Turan Rzayev: İstənilən halda koronavirus pandemiyası insanların psixoloji vəziyyətinə təsirsiz ötüşmür. Xüsusilə ailə üzvlərinin, yaxınların, dostların virusa yoluxa biləcəyi riski insanı çox narahat edir. Narahatlıq hissi də stres, panika, hətta depressiya yaradır.
İsgəndər Əliyev: Əlbəttə psixoloji olaraq pis təsir edib. Üstəlik həftəsonları sərt karantin rejiminin tətbiqi, bu istidə maska taxmaq vəziyyəti daha da çətinləşdirir.
Aytən Əsgərova: İnsanların ani ölümü çox üzücüdür. Sanki bir qatil seçim şansı vermədən minlərcə insanı qətl edir. Bütün bunları ilk günlər düsünmək pisxologiyama pis təsir edirdi. Amma uzun illər idi özümlə baş-başa qalmamışdım. Bu günlər özümə vaxt ayırıram, kitab oxuyuram, musiqi dinləyirəm və yoqa ilə məşğul oluram. Amma düşünürəm ki, əvvəlki kimi ola bilməyəcəm...
Qara Qurbanlı: Ümumi ruh halıma çox pis təsir edir.
Mahir Ələkbərov / Redaktor.az