"Azəriqaz" smart-kart sayğacların alışını dayandırıb

 11:35 11.06.2020     607

"Azəriqaz" İstehsalat Birliyi smart-kart tipli sayğacların alışını dayandırıb.

Redaktor.az xəbər verir ki, bunu İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, bu baxımdan hazırda yoxlama müddəti çatan smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir: "Pandemiya dövründə dünya enerji bazarında vəziyyətin gərginləşməsi səbəbindən satınalmaların əksəriyyətini, o cümlədən smart-kart tipli sayğacların alışını dayandırdıq. Belə ki, valyuta məzənnələrindən asılı olaraq, bu qurğuların qiyməti 220-240 manat arasında dəyişirsə, mexaniki sayğaclar 70-90 manata başa gəlir. Mexaniki sayğaclar eyni funksiyanı daşıyır və smart-kart tipli sayğaclardan fərqli olaraq, abunəçilər ödənişləri onlayn qaydada apara bilirlər".

C. Səfərov həmçinin əlavə edib ki, bina evlərində smart-kart tipli sayğaclar az sayda olsa da, müəyyən limitdən istifadə olunaraq quraşdırıla bilər. Lakin fərdi yaşayış evlərində yoxlama müddəti başa çatan smart-kart tipli sayğaclar birmənalı olaraq mexaniki sayğaclarla əvəzlənir. //APA