Masazırda koronavirus sürətlə yayıla bilər - İNSANLAR SU TAPMIR...

 14:10 11.06.2020     1092

Abşeron rayonu, Masazır kəndinin Nizami, Rafiq Dünyamalıyev və Hüseyn Cavid küçələrində artıq bir həftəyə yaxındır ki, içməli suyun verilməsində problemlər yaşanır. 

Bu barədə Redaktor.az-a müraciət edən kənd sakinləri bildiriblər. Onlar qeyd ediblər ki, KİV-də, televiziyalarda pandemiya ilə əlaqədar təmizliyə riayət olunması barədə tövsiyələr eşidirlər və bu tövsiyyələri məmnuniyyətlə yerinə yetirmək istəyirlər. Amma hansı su ilə?

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Redaktor.az-a bildirib ki, havaların qəfil istiləşməsi və insanların bağ evlərinə daha erkən köçməsi suya olan tələbatı artırıb:

“Havaların qəfil istiləşməsi, üstəgəl insanların bağ evlərinə daha tez köçmələri suya olan tələbatı kəskin artırıb. Bu da hidroqrafik rejimlərin tənzimlənməsində müəyyən çətinliklərə səbəb olub. Masazırın bəzi ərazilərində suyun verilməsində qrafikli rejim pozulub, yəni qrafiklər uzanıb. Ərazidə olan mövcud su problemi ilə bağlı mütəxəssislərimiz ordadırlar və tənzimləmə işləri aparırlar”.

Anar Cəbrayıllı həmçinin qeyd edib ki, insanlar sudan istifadə edərkən diqqətli və məsuliyyətli olmalıdırlar:

“Mən fürsətdən istifadə edib, abonentlərimizə, xüsusən də həyət evlərində yaşayan insanlara səslənirəm ki, sudan qənaətlə istifadə etsinlər. Suvarma məqsədilə istifadə etdikləri suya ciddi nəzarət etsinlər. Çünki, bu gün onların lazım olmadığı halda istifadə etdikləri su digər abonentlərdən kəsilən sudur. Onların daha artıq həcmdə rahatlıqla istifadə etdiyi sular digər vətəndaşların susuz qalmasına səbəb olur”.

Sevda Ulutau / Redaktor.az

Anar Cəbrayıllı: Yeni sutəmizləyici qurğunun inşası yekunlaşıb ...