Onlayn bilet satışı: İnsanlar narazıdır - MİLLƏT VƏKİLİNDƏN SƏRT TƏNQİD

 13:59 12.06.2020     1858

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərar əsasında 15 iyun 00:00-da Bakı-Naxçıvan istiqamətində uçuşlar bərpa edilir. Biletlərin isə onlayn satılacağı qeyd edilib.

Bir sıra vətəndaşlar isə həm biletlərin onlayn satılmasından, həm də AZAL-ın saytında yaranmış problemlərdən narazılıq ediblər. Beləki, insanlar saytda bilet sifariş etməyin mümkün olmadığını bildiriblər.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aviaşirkətin saytında heç bir problem yoxdur:

“Əgər biletin qarşısında qiymət görünmürsə, deməli həmin bilet satılıb. AZAL-ın həftədə 2 dəfə olmaqla, hər reisdə 100 nəfər sərnişin daşımağına icazə var. Vətəndaşlar Oerativ Qərargahın təyin etdiyi qaydalara əməl edərək, rahatlıqla online şəkildə biletləri əldə edə bilərlər. Lakin bilet satışı uçuşa 72 saat qalmış dayandırılacaq”.

Millət vəkili Fazil Mustafa onlayn bilet satışını tənqid edib. O, bu gün Milli Məclisdə Naxçıvana getməli olan, eyni zamanda Naxçıvandan Bakıya gəlməli olan vətəndaşların problemini qaldırdığını qeyd edib:

“Hökumət ancaq online bilet almağa imkan tanıyıb, elə insan var ki, nə interneti var, nə də kartı. Bilet almada qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu? Kimlər qalıbsa siyahıya alın göndərin, əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik bilet pulu da yoxdur. Maliyyə nazirinə müraciət etdim ki, təcili əlavə təyyarələr üçün pul ayrılmalıdır. Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öhdəmə götürürəm. Hesabı göstərin, ora keçirim. Bu insanlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb, qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalırlar. Naxçıvanlıları bu ağır şəraitdən çıxmaq üçün bütün zəruri addımlar atılmalıdır”, - deyə millət vəkili bildirib.

Mahir Ələkbərov / Redaktor.az