Rusiya Premyer Liqasında bir matçda 11 qol vurulub

 01:12 20.06.2020     417

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan Rusiya Premyer Liqası bərpa olunub.

Redaktor.az-ın məlumatına görə, 94 günlük məcburi fasilədən sonra bu gün XXIII tur start götürüb.

Samara və Soçidə baş tutan iki qarşılaşma məhsuldar alınıb. Azarkeşsiz keçirilən görüşlərdə qapılara ümumilikdə 17 qol vurulub.

Autsayderlərin duelində "Krılya Sovetov"u səfərdə 4:2 hesabı ilə məğlub edən "Axmat" son pillədən qurtulub. Əvəzində Samara təmsilçisi autsayder mövqeyinə düşüb.

"Soçi" - "Rostov" görüşündə isə tarixi nəticə qeydə alınıb. "Soçi" bir penalti qaçırdığı və Aleksandr Kokorinin het-trikə imza atdığı qarşılaşmada rəqib üzərində 10:1 hesablı qələbə əldə edib. Bu isə Rusiya Premyer Liqası tarixinin ən böyük hesabı kimi tarixə düşüb. "Soçi" "Zenit"in 2014-cü ildəki ("Luç Energiya" - 8:1) rekordunu yeniləyib.

"Rostov"un yeganə qolunun müəllifi olan Roman Romanov isə 1-ci dəqiqədə fərqlənərək, Rusiya çempionatları tarixinə ən erkən debüt qolu vuran futbolçu kimi düşüb. Əvəzedici heyətlə mübarizə aparan "Rostov" ölkə birinciliyinin indiyə qədərki ən gənc komandası adına yiyələnib. / APA