“Liverpul”dan növbəti qələbə

 07:42 25.06.2020     584

İngiltərə Premyer Liqasında XXXI tur davam edir.

Redaktor.az-ın məlumatına görə, ikinci oyun günündə 5 matç keçirilib.

Çempionatın lideri “Liverpul” öz meydanında “Kristal Pelas”ı qəbul edib. Növbəti qələbəsini qazanan Yurgen Kloppun yetirmələri çempionluğa bir addım da yaxınlaşıb. “Çelsi”nin qonağı olacaq “Mançester Siti” iyunun 25-də xal itkisi ilə üzləşsə, “Liverpul” sona 7 tur qalmış qızıl medalları təmin edəcək. “Şəhərlilər” qalib gəlsə, mersisaydlılara növbəti turda qələbə kifayət edəcək.

Çempionlar Liqasına düşməyi hədəfləyən “Mançester Yunayted” və “Vulverhempton” da turu itkisiz keçib. Sonuncular “Bornmut”u bir qolla yenib, Ole-Qunnar Sulşerin yetirmələri isə Antoni Marsialın het-triki ilə “Şeffild Yunayted”i darmadağın edib.

Premyer Liqanın autsayderi “Norviç” evdə “Everton”a uduzub. Günün yeganə heç-heçəsi Nyukasl da qeydə alınıb. Şəhərin eyniadlı komandası “Aston Villa” ilə sülhə imza atıb.

Qeyd edək ki, tura iyunun 25-də yekun vurulacaq.