"Barselona"dan "Yuventus"a 82 milyonluq transfer - RƏSMİ

 19:39 29.06.2020     694

İspaniyanın "Barselona" klubunun futbolçusu Artur Enrike Ramos de Oliveyra Melo İtaliya "Yuventus"una transfer olub.

Redaktor.az-ın Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçidən ötrü turinlilər 72 milyon avro ödəyib. Daha 10 milyon avro isə müxtəlif bonuslara sərf olunacaq.

23 yaşlı oyunçu 2019/2020 mövsümünü "Barsa"da başa vurduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq. "Yuventus"un onunla 5 illik müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Artur "Barselona"ya 2018-ci ilin yayında "Qremio"dan keçib. O, Kataloniya komandasının heyətində 72 oyunda 4 qol vurub. "Sambaçı" "Barsa" ilə 2019-cu ildə İspaniya çempionu və Superkubokun qalibi olub.