Dmitri Nazarov millimizdən imtina etdi

 03:12 27.08.2020     128

Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Dmitri Nazarov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı ilk oyunlarında iştirakdan imtina edib. 

Redaktor.az xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu "sueddeutsche" nəşrinə məlumat verib. O, koronavirus pandemiyası səbəbindən bu addımı atdığını vurğulayıb. Nazarov dəvət aldığını, lakin Bakıya gəlməyəcəyini söyləyib: "Koronavirusa yoluxmalar çoxdur və təhlükəsizlik birinci yerdədir. Azərbaycan risk zonasındadır, uçuşlar o qədər də asan deyil. Bu səbəbdən, millinin məşqçisi ilə danışdıqdan sonra evdə qalmağa qərar verdim".

Nazarov oktyabrdakı beynəlxalq matçlar üçün milliyə qayıtmaq ehtimalı barədə bunları deyib: "Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm".  

AFFA-nın yaydığı açıqlamada isə bildirilir: "UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburq, sentyabrın 8-də isə Kipr milli komandası ilə qarşılaşacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışında Almaniyanın “Erzgebirge Aue” klubunda çıxış edən Dmitri Nazarov iştirak etməyəcək. Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında D.Nazarovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub. UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün Milli Assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq".

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq. //Report.az