Canni De Byazi: Güclü komanda yaratmalıyıq

 19:42 04.09.2020     173

Millətlər Liqasının I turunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunundan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb.

Redaktor.az mətbuat konfransındakı fikirləri təqdim edir:

- Üç il futboldan kənar qalmısınız, futbolçular isə uzun müddət oynamayıb. Hansı tərəfin daha çox darıxdığını deyə bilərsiniz?

- Mən çox sakitəm. Heç bir problem ola bilməz. Uzun müddət işləməsəm də, çalışmağa başlayanda bütün enerjim bərpa olunur və bunu komandama yönəldirəm. Mən futbolsuz qalanda çox darıxıram. Ancaq bu, mənim üçün yeni çağırış, yeni stimuldur. Dekabrda A Seriyası komandasından təklif alsam da, rədd etdim. Çünki Azərbaycanda işləmək daha maraqlı idi.

Burada böyük uğurlara imza atmaq istəyirəm. Futbolçular üçün də çox çətin idi. Elə jurnalistlər də darıxıb. Ümid edirəm ki, tezliklə vəziyyət düzələcək və işimizə normal qaydada davam edəcəyik.

- Müqavilə imzalanmazdan əvvəl demişdiniz ki, Azərbaycan yığmasının bütün oyunlarını izləmisiniz. Son bir həftədə isə komanda ilə işlədiniz. Gözləntiləriniz nə idi və nə gördünüz?

- Komanda ilə çox işlədiyimizi deyə bilmərəm. Normal ritmdə çalışmışıq. 26 gün əvvəl Bakıya gəlmişəm. Köməkçilərimlə birgə gündə 18 saat işləmişik. Futbolçuları tanımağa, öyrənməyə, yerli mentalitetə bələd olmağa çalışmışıq. Doqquz gündə cəmi 12 məşqimiz olub, bu gün isə 13-cü olacaq. Futbolçuları inandırmağa çalışmışıq ki, nəyəsə nail olmaq istəyiriksə, çox işləməliyik.

- Rəqib barədə hansı fikirdəsiniz?

- Qrupda reytinqə görə dördüncü komandayıq. Lüksemburq son illərdə çox inkişaf edib. Komandada çoxlu latın amerikalı oyunçular var. Rəqibə hörmət edirik. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək.

- Milliyə dəvət etdiyiniz futbolçuların arasında klubsuz, uzun müddət oynamayanlar var. Həmin oyunçuları hansı xüsusiyyətlərinə görə yığmaya çağırmısınız?

- Bakıya 26 gün əvvəl gəlmişəm. Köməkçilərimlə iki aydan çoxdur ki, Azərbaycan millisini və futbolçuları analiz edirik. Mənə vacib olan çağırdığım futbolçuların istəyinə, davranışına baxmaq idi. Onların oynayıb-oynamadığı indi əhəmiyyətli deyil.

- Elvin Bədəlovun oyununu harada görüb bəyənmisiniz?

- “Sumqayıt” – “Keşlə” matçında. Görüş 0:1 bitmişdi.

- Sizdən öncə yığmada çalışan əcnəbi mütəxəssislər özlərini azarkeşlərə sevdirə bilməyib. Onları analiz etmisinizmi və fərqli nələr etməyi düşünürsünüz?

- Bəzi fikirlərim var. Heyf ki, vaxtımız çox azdır. Sabah ən vacib məsələ nəticədir. İstərdik ki, daha öncə yoldaşlıq oyunları keçirə bilək. Ancaq bu, mümkün deyil. Yaxşı işləmişik, taktiki və texniki cəhətdən hazır olmağa çalışmışıq. Baxmayaraq ki, rəqib güclüdür, mübarizə aparacağıq. İnsan özünü yalnız qalib gələrək sevdirə bilər. İlk növbədə güclü komanda yaratmalıyıq. Elə komanda ki, meydanda hər bir futbolçu komanda yoldaşına görə ölməyə də hazır olsun, ürəyini qoysun. Məqsədimiz qrupda birinci olmaqdır. Baxmayaraq ki, reytinqdə sonuncuyuq. Əlbəttə, Belçika və İtaliyaya qarşı oynasaq, bizim üçün daha çətin olardı.

- Millidə konkret hansı üç məqamı qeyd edə bilərsiniz ki, ilk növbədə onları düzəltmək lazımdır?

- İlk növbədə mentalitet. Taktiki baxımdan irəliləyiş olmalıdır. Detallara girmək istəmirəm. Və həyatda bir şeyi başa düşmək lazımdır ki, məqsədə çox böyük istəklə gedirsənsə, ona nail ola bilərsən.

- Milli həmişə sıx qrafikdə oynamağa çətinlik çəkib. Bununla bağlı nə tədbir görməyi düşünürsüz?

- UEFA-dan xahiş edəcəyik ki, formatı dəyişsin (gülür). Fikrimcə, biz fiziki baxımdan yox, mental cəhətdən işləməliyik. Bütün dünya bu formatda oynayır. Biz öyrəşməli, dəyişməliyik. Məqsədimizə istiqamətlənsək, bunu bacaracağıq. İlk oyunda qələbə qazansaq, psixoloji baxımdan daha güclü olacağıq. Buna görə də sabahkı matç olduqca əhəmiyyətlidir. //Oxu.az