"Qalatasaray" mövsümə qələbə ilə başladı

 23:10 12.09.2020     309

Bu gün Türkiyə Superliqasında 2020/2021 mövsümünün I turunun daha 4 oyunu baş tutub.
Redaktor.az-ın məlumatına görə, "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" yeni mövsümdə ilk oyununu keçirib.
"Türk Telekom Arena"da "Qaziantep" komandasını qəbul edən İstanbul təmsilçisi inamlı qələbə qazanıb - 3:1.
Qarşılaşmada hesabı 8-ci dəqiqədə "sarı-qırmızılılar"ın hücumçusu Radamel Falkao açıb. Kolumbiyalı forvard penaltidən fərqlənib. 28-ci dəqiqədə "Cim-Bom"un yeni transferi Emre Kılınç fərqi 2 topa çatdırıb. İlk hissənin əsas vaxtına 5 dəqiqə qalmış Falkao dublunu rəsmiləşdirib.
Qonaqlar ikinci yarıda qollardan birinin əvəzini çıxa biliblər. Andre Felipe Ribeyro 53-cü dəqiqədə meydan sahiblərini cəzalandırıb. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.
Qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də Bakı Olimpiya Stadionunda "Neftçi"nin qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq.