Azad Rəhimov: Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq

 14:38 23.09.2020     1618

“Çox sevinirik ki, bu akademiyada sonuncu idman zalı təhvil verildi. Faktiki yenidənqurma və təmir işləri aparıldı. Ən çox populyar olan, ən çox sevdiyimiz və xalqımıza ən çox medal bəxş edən idman növünün də akademiyada öz zalı var. Bununla demək olar ki, akademiyanın təmiri 90-95 faiz yekunlaşıb. Hazırda təhsil nazirliyi ilə danışıqlar aparılır ki, oktyabra, bəlkə də, noyabra qədər bütün dərslər onlayn şəkildə keçirilsin”.

Redaktor.az məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ilin sonlarında bir neçə idman növü üzrə ölkə birinciliyinin keçirilməsi mümkün ola bilər: “Bir çox idman növlərində adətən noyabr-dekabr aylarında respublika çempionatları təşkil olunur. Bununla bağlı yenə müraciətlər olub. Biz də çox istərdik ki, yarışlar keçirilsin. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Bu, idman zallarının, fitness zalların açılması da var. Əgər qəbul olunsa, çempionatları keçirmək mümkün olacaq. Bilirsiniz ki, idmançı bir ay evdə qalsa, formanı 3-4 aya bərpa edə bilir. Yarışların olmaması idmançıların gücünü məhv edir. Bu çempionatların təşkili üçün əlimizdən gələni edəcəyik”.

Rəhimov yarışların ilkin mərhələdə azarkeşsiz baş tutacağını sözlərinə əlavə edib. O, qeyri-olimpiya növlərində idmanla məşğul olanların başqa sahələrə üz tutmalarına da münasibət bildirib: “Təəssüf ki, onların maaşlarını verməyə imkan yoxdur. Bu, tamamilə qadağan olunmuş məsələdir. Onlara əlimizdən gələn köməkliyi etməyə hazırıq. Bizim addımlarımız ancaq zalların qapılarını onların üzünə açmaq olar”.

Azad Rəhimov noyabrda Azərbaycan Paralimpiya Komitəsinin təklifi ilə paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinin Azərbaycanda baş tutması üçün çalışdıqlarını deyib: "Noyabrın 14-də keçirilməsi nəzərdə tutulan turnir üçün 15 ölkədən artıq komanda qeydiyyatdan keçib. Həmin vaxta qədər ümumi vəziyyətə baxacağıq. Proqramımız qəbul olunsa, həmin turnir Azərbaycanda keçiriləcək".