"Futbolçular öz potensiallarına güvənməlidirlər" - Canni De Byazi

 08:04 17.11.2020     45

"Qrupun son oyunudur. 8 ildir birlikdə oynayan komandaya qarşı mübarizə aparacağıq. Biz isə indiyədək cəmi 30 məşq keçirmişik. Komanda yavaş-yavaş inkişaf edir. Qol epizodları yaradırıq, amma istifadə edə bilmirik".

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lüksemburqla keçirəcəkləri oyun öncəsi baş tutan mətbuat konfransında deyib.

Hücumdakı problemlərə və heyətdəki itkilərə deyinən italiyalı mütəxəssis sabahkı görüşün çətin keçəcəyini bildirib:

"Hücumda son anda dəqiqlik çatışmır. Sabah çətin oyun olacaq. Onu deyə bilərəm ki, debüt oyunumuzdan fərqli olacaq.

Düşünürəm, Sloveniya ilə oyunda heyətdə eksperiment apardıq. Sabah isə ən yaxşı heyətimiz meydanda olacaq. Təəssüf ki, müxtəlif səbəblərdən Abbas Hüseynov, Təmkin Xəlilzadə və Rahil Məmmədov komandaya kömək edə bilməyəcək. Bizim üçün vacib oyundur və çalışacağıq ki, son oyunda qalib gələk.

Yaxşı oyunçularımız var. Futbolçuların qidalanmasından tutmuş istirahətlərinədək hər kiçik detala diqqət yetirirəm. İlk gündən dediyim kimi, mentaliteti dəyişməliyik. Onlara izah etmişəm ki, potensialları var. Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazanmışam. Futbolçular öz potensiallarına güvənməlidirlər”.