"Ordumuz xəyallarımızı gerçəkləşdirdi" - Qurban Qurbanov

 05:15 23.11.2020     44

“Artıq qaçqın komandası deyilik, bu statusu daşımırıq”.

Redaktor.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Türkiyənin İhlas Xəbər Agentliyinə açıqlama verən təcrübəli mütəxəssis Ağdamın işğaldan azad olunmasına münasibət bildirib. Qurbanov qaçqın komanda adının artıq “Qarabağ”ın üzərindən götürüldüyünü bildirib.

48 yaşlı çalışdırıcı bunun sevincini bütün komanda olaraq birlikdə yaşadıqlarını söyləyib: “Biz “Qarabağ” klubu olaraq Azərbaycanda o zonanı təmsil edirdik. Artıq rəsmən “Qarabağ” Ağdam olaraq vurğulanacaq. Futbolçularımızla birlikdə bu günü bayram etdik. Hər kəs çox sevinirdi, bir-birini təbrik edirdi. Bir anda kollektiv daxilində pozitiv mühit yarandı. Bu günü yaşadığımız üçün Allaha şükürlər olsun. Başda Ali Baş Komandanımız olmaqla, Ordumuz, əsgərlərimiz bu sevinci bizə yaşatdı. Xəyallarımızı gerçəkləşdirdilər. Özüm və komandam adından hər birinə təşəkkür edirəm”.

Qeyd edək ki, Ağdam 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən, həmin vaxtdan “Qarabağ” ev oyunlarını Bakıda keçirib. //Apasport.az