Azərbaycan Premyer Liqası: "Zirə" yenə xal itirdi

 18:13 20.02.2021     92

Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, "Keşlə" "ASK Arena"da "Zirə" ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda ilk qolu qonaqlar vurublar. 17-ci dəqiqədə Klesio Bauk fərqlənib. 2 dəqiqə sonra meydan sahibləri penalti qazanıblar. Sezar Meza Kollinin zərbəsini qapıçı Mateus Albino zərərsizləşdirsə də, topa hamıdan tez çatan Nicat Qurbanov tarazlığı bərpa edib. 21-ci dəqiqədə isə Sadio Tounkara "qartallar"ı ikinci dəfə cəzalandırıb. 60-cı dəqiqədə "Zirə" azlıqda qalıb. Dmitrios Çantakias rəqibin hücumçusu Anatole Abanqa qarşı aqressiv hərəkətdən sonra birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, Rəşad Sadıqovun başçılıq etdiyi komanda 73-cü dəqiqədə Davit Volkovun qolu ilə hesabı bərabərləşdirib.Gürcüstanlı hücumçu eyni zamanda matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu heç-heçədən sonra xallarını 25-ə çatdıran "Zirə" 3-cü pillədəki mövqeyini qoruyub. 14-cü xalını qazanan "Keşlə" isə "Sabah"la birlikdə 7 - 8-ci yerləri bölüşdürür.

Turun son oyununda lider "Neftçi" "Bakcell Arena"da "Qəbələ" ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünən baş tutan matçlarda "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" isə səfərdə "Sumqayıt"la qolsuz heç-heçəyə razılaşıb. //Report.az