Burak Yılmaz Ronaldunu üstələdi

 21:58 25.03.2021     85

Türkiyə milli komandasının hücumçusu Burak Yılmaz Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldunu geridə qoyub.

Redaktor.az-ın məlumatına görə, "ay-ulduzlular"ın kapitanı XXI əsrdə "narıncılar"ı bir rəsmi matçda 3 dəfə məyus edən yeganə futbolçu ünvanına yiyələnib. O, martın 24-də 4:2 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə oyununun 15-ci, 34-cü (penalti ilə) və 81-ci dəqiqələrində qol vuraraq, het-trik edib.

Bundan başqa Yılmaz 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin həm səfər (1:1), həm də ev oyununda (3:0) fərqlənib. Beləliklə, 36 yaşlı forvard Niderlandla qarşılaşmalarda ümumilikdə 5 qol müəllifi olub.

Ronaldu isə "narıncılar"ın qapısından AVRO-2004-də 1, AVRO-2012-də 2 top keçirib. Daha 1 qol isə 2013-cü ildə yoldaşlıq görüşünə təsadüf edib.

Qeyd edək ki, Portuqaliya yığması martın 24-də DÇ-2022-nin seçmə matçında Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəlib. Kriştianu Ronaldu sonadək meydanda olsa da, fərqlənə bilməyib. Yeganə qolu 36-cı dəqiqədə Maksim Medvedev vurub. Azərbaycan yığmasının kapitanı avtoqol müəllifi olub. //Report