Əliyar Ağayevin idarə etdiyi oyunda tarixi məğlubiyyət - VİDEO

 23:18 28.03.2021     81

Azərbaycanın FIFA referisi Əliyar Ağayev 2022-ci il dünya çempionatının Danimarka və Moldova yığmaları arasındakı seçmə oyununu idarə edib.

Redaktor.az-ın məlumatına görə, Herninq şəhərindəki "MCH Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 8:0.

Danimarka millisi ilk qolu 19-cu dəqiqədə penaltidən vurub. Kasper Dolberq 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. O, ikinci hissənin əvvəlində - 48-ci dəqiqədə də fərqlənməyi bacarıb.

Eyni zamanda Mikkel Damsqol 22 və 29-cu dəqiqələrdə "dubl" edib. Qalan qollara Yens Striger Larsen 35-ci, Matias Yensen 39-cu, Robert Skov 81-ci, Markus İnqvartsen 89-cu dəqiqədə imza atıb.

Bu nəticədən sonra Danimarka millisi D qrupunda 6 xalla vahid liderə çevrilib. Tarixinin ən ağır məğlubiyyətini alan Moldova isə 1 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Moldova yığmasının baş məşqçisi daha əvvəl "Neftçi"yə rəhbərlik etmiş Roberto Bordin, qapıçısı isə "Keşlə"dən dəvət almış Stanislav Namaşkodur. //Report.az