Draqan Stoykoviç: Qurban Qurbanovu yaxşı xatırlayırıq

 23:33 29.03.2021     73

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisinin heyətində Serbiya və Monteneqro seçməsinə vurduğu qolları xatırlayıb.

Redaktor.az-ın məlumatına görə, 56 yaşlı mütəxəssis 2003-cü ildə keçirilmiş görüşləri unutmadığını bildirib. Stoykoviç DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi futbolçulara bu barədə xəbərdarlıq ediləcəyini vurğulayıb:

"Qurbanovu yaxşı xatırlayırıq. Amma ümid edirəm ki, analoji hadisə sabah təkrarlanmayacaq. Bu gün futbolçularla bu barədə söhbət edəcəyik. Amma istənilən halda onlar kifayət qədər ağıllıdırlar. Rəqibin kimliyindən asılı olmayaraq, asan oyun olmadığını yaxşı bilirlər. Əlbəttə, komandama lazım olan bütün məlumatları verəcəyəm. Matça olduqca ciddi yanaşırıq".

Qeyd edək ki, Qurban Qurbanov Podqoritsada Serbiya və Monteneqro ilə 2:2 hesablı heç-heçə etdikləri AVRO-2004-ün seçmə mərhələ matçında iki qol vuraraq, komandasına 1 xal qazandırıb. Veteran hücumçu Bakıdakı ikinci qarşılaşmada (2:1) da rəqibi penalti ilə məyus edib.

Xatırladaq ki, martın 30-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq. //Report