Avropanın nəhəng klubları Superliqa yaradır

 03:05 19.04.2021     93

Bu gün Avropanın ən reytinqli futbol çempionatlarında çıxış edən klubların müstəqil Superliqa yaratmalarını elan etməsi gözlənilir.

Redaktor.az bildirir ki, həmin klubların arasında beş və ya altı Premyer-Liqa təmsilçisi, həmçinin La Liqa və A Seriyasının hər birindən üç klubun da olduğu deyilir.

Bu barədə idman jurnalisti Bertran Latur “Twitter”də yazıb.

Məlumata əsasən, Avropa Superliqası 20 komandadan ibarət olacaq. Klublar hər biri on komanda olmaqla iki qrupa bölünəcəklər.

Hər bir klub liqaya daxil olarkən 100-350 milyon avro arası bonus alacaq. Liqa komandaları mövsüm ərzində 18-23 matç keçirəcək və ilk etapda oyunlardan təxminən 4 milyard avro vəsait əldə olunacaq.

Qeyd edək ki, UEFA Superliqada iştirak edəcək klubların Çempionlar Liqası və Avropa Liqası kimi turnirlərə buraxılmayacağını bildirib. Həmçinin qurum növbəti illərdə adıçəkilən turnirlərdə də ciddi dəyişikliklər edəcəyini açıqlayıb. //Oxu.az