AFFA qalmaqallı oyunla bağlı klubları cərimələdi

 17:18 27.04.2021     280

Azərbaycan Premyer Liqasının XXIV turunun “Sabah” – “Neftçi” oyunu ilə bağlı cəzalar açıqlanıb.

Redaktor.az 2:2 hesabı ilə başa çatmış qalmaqallı oyunla bağlı AFFA İntizam Komitəsinin həmin sanksiyalarını təqdim edir:

“Sabah” klubunun üç futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4 800 manat cərimə olunur.

“Sabah” klubunun futbolçuları Bəhlul Mustafazadə və Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün hərəsi bir oyunluq cəzalanır, klub hər bir futbolçuya görə 200 manat cərimə olunur.

“Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyi üçün dörd oyunluq cəzalanır, klub 3 200 manat cərimələnir.

“Sabah” klubunun rəsmi şəxsi Miloş Yevtic barəsində araşdırılma aparılır.

“Neftçi” klubunun yeddi futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Neftçi” klubunun baş məşqçisi Samir Abbasov oyundan sonra dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə iki oyunluq cəzalanır, klub 4 000 manat cərimə olunur.

Beləliklə, “Sabah” klubu 8 200 manat, “Neftçi” isə 4 800 manat cərimə ödəməli olacaq.