Çempionlar Liqasının ümumi mükafat fondu artırılır

 23:46 25.05.2021     121

UEFA Çempionlar Liqasının ümumi mükafat fondunu 2,032 milyard avroya artırmağı planlaşdırır.

Redaktor.az-ın məlumatına görə, artım 2021/2022 mövsümünə şamil olunacaq. Bunadək 1,95 milyard avro olan ümumi mükafat fondu 2,032 milyard avroya çatdırılacaq.

Qrup mərhələsinə düşəcək istənilən klub 15,64 milyon avro qazanacaq ki, bu da hazırkı mövsümdəkindən 390 min avro çoxdur.

Qrup mərhələsində hər qələbəyə görə cari mövsümlə müqayisədə 100 min avro çox - 2,8 milyon avro, heç-heçə qarşılığında 30 min avro çox - 930 min avro ödəniləcək.

1/8 finala vəsiqənin hər bir sahibi 9,6 milyon avro (100 min avro çox), 1/4 finalçı 10,6 milyon avro (100 min avro çox), yarımfinalçı 12,5 milyon avro (500 min avro çox), finalçı 15,5 milyon avro (500 min avro çox) əldə edəcək. Qalibə 20 milyon avro ödəniləcək ki, bu da hazırkı mövsümdəkindən 1 milyon avro çoxdur.

Eyni zamanda UEFA-nın klub reytinqindəki yerə görə ödənişləri də bütün klublar üçün 585 milyon avrodan 600,6 milyon avroya artırılacaq. Teleyayım bazarı üçün ayrılacaq məbləğ isə 292 milyon avrodan 300,3 milyon avroya çatdırılacaq.

Qeyd edək ki, 2021/2022 mövsümündə Azərbaycanı Çempionlar Liqasında "Neftçi" təmsil edəcək. Flaqman mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. //Report