Üç idmançımız Avropa birinciliyində medal qazandı - FOTO

 10:24 28.05.2021     828

Mayın 26-dan 29-na qədər Kiprin  Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi, böyüklər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Sambo Federasiyasından Redaktor.az-a verilən məlumata görə, ötən gün gənclərin yarışında üç idmançımız fəxri kürsüyə çıxıb. Belə ki, Toğrul Salmanov (98 kq), qızıl, Nicat Məmmədov (58 kq) gümüş, Elvin Bağırov (64 kq) bürünc medal qazanıblar. 

Gənclər komandamız ümumlikdə yarışmada üçüncü yeri tutub.

Qeyd edək ki, yarışda ölkəmizi üç yaş qrupu üzrə (yeniyetmələr, gənclər və kişilər) idmançılar təmsil edirlər. 

Belə ki, yeniyetmələrin yarışında Azərbaycanı Məhəmməd Yaqubov (58 kq), Dilavər Abışov (64 kq), Toğrul İbrahimov (71 kq), Rəsul Aydəmirov (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq) təmsil edirlər.

Gənclərin yarışında Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Ağani Məmmədov (79 kq), Adil Adilzadə (88 kq), Toğrul Salmanov (+98 kq) mübarizə aparıblar.

Kişilər arasında bu gün baş tutacaq qitə çempionatında isə Eyvaz Baxşiyev (58 kq), Fuad Məmmədov (64 kq), Emil Həsənov (71 kq), Abdulla Abdullayev (79 kq), Ceyhun Hüseynov (88 kq), Toğrul Salmanov (+98 kq) iştirak edəcəklər.

Döyüş sambosu üzrə təşkil ediləcək yarışa isə samboçularımız Bəxtiyar Abbasov (88 kq) və Nəbi Məmmədov (98 kq) qatılacaqlar.

Qitə çempionatında ədalət təmsilçisi qismində beynəlxalq ekstra-dərəcəli hakim Cabir İsmayılov da iştirak edəcək.

Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, vitse-prezidenti Cavid Səbzəliyev də Kiprdədir.

28 May - Respublika Günündə xalqımıza qələbə sevinci yaşadan idmançılarımızı təbrik edirik!