AİJF idman könüllüləri ilə əməkdaşlığa start verib

 19:57 02.06.2021     84

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AİJF-dən Redaktor.az-a verilən məlumata görə, federasiyanın ofisində keçirilən imzalanma mərasimində çıxış edən qurumun prezidenti, əməkdar jurnalist Qabil Mehdiyev qeyd edib ki, hər iki təşkilat yeni yaranmasına baxmayaraq, son bir ildə bir sıra fəaliyyətləri ilə etimadı doğrultmağa çalışıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti və gələcək planları barədə məlumat verən Q. Mehdiyev Azərbaycan İdman Könüllüləri İctimai Birliyi ilə əməkdaşlığın hər iki təşkilat üçün faydalı olacağına əminliyini ifadə edib.

Azərbaycan İdman Könüllüləri İctimai Birliyi İdarə Heyətinin sədri Miraqil Seyidzadə bu təşkilatın ölkəmizdə idman könüllülərinə duyulan ehtiyacdan yarandığını qeyd edib. M.Seyidzadə son vaxtlar bir sıra idman qurumları ilə əməkdaşlığı genişləndirdiklərini bildirərək təşkilatın ümumilikdə, 1000 nəfərdən artıq könüllünü öz ətrafında birləşdirdiyini vurğulayıb.

Sonda Qabil Mehdiyev və Miraqil Seyidzadə memorandumu imzalayıblar. //Report